Siyasət 12:15 22.09.2022

Nüvə müharibəsi olacaqmı? - Politoloq

"Rusiya prezidenti Vladimir Putin Ukraynada nüvə silahından istifadə edərsə, ABŞ ordusu Rusiyanın Qara dəniz donanmasına və Krımdakı bazalarına "sarsıdıcı zərbə” vuracaq”.
 
Belə bir açıqlama ilə təqaüddə olan ABŞ general-leytenantı Ben Hodces çıxış edib. Hodces vurğulayıb ki, o, Rusiyanın nüvə silahından istifadə senarisini qeyri-real hesab edir.

Onun sözlərinə görə, ABŞ prezidenti Co Baydenin istənilən strateji kütləvi qırğın silahından istifadəsinə reaksiyası "tez və sərt” olacaq. Təqaüddə olan hərbçi qeyd edib ki, Vaşinqtonun cavabı nüvə silahıyla bağlı olmaya bilər, lakin ABŞ "Qara dəniz donanmasını və ya Krımda Rusiya bazalarını məhv etməyə” cəhd edə bilər. 

Qeyd edək ki, dünən ölkə vətəndaşlarına müraciətində prezident Vladimir Putin Qərbin "anti-Rusiya siyasətində hər bir xətti keçdiyini” bildirmişdi. Üstəlik, o, Qərbin "Rusiyaya qarşı kütləvi qırğın silahlarından istifadə təhlükəsi ilə nüvə şantajından” istifadə etdiyini iddia edib. Putin xəbərdarlıq edib ki, ərazi bütövlüyü təhlükə altına düşərsə, Rusiya "bütün mümkün vasitələrdən” istifadə  edəcək.
 
Mövzu ilə bağlı Qaynarinfo-ya danışan hərbi ekspert Ədalət Verdiyev bildirir ki, indiki vəziyyətdə Rusiyanın nüvə silahından istifadə etməsi üçün real şərait yoxdur. Bununla yanaşı, həmsöhbətimiz onu da qeyd edir ki, Moskva nüvə silahından istifadə etsə, ABŞ-ın cavab reaksiyası daha sərt olacaq:


 
"Rusiya indi qismən səfərbərlik edib. 6 minə qədər itki verdiyini açıqlayan Rusiyanın yüz minlərlə qoşunu olduğu halda səfərbərlik elan etməsi əslində sağlam məntiqə sığmır. Adətən, ordunun 10-20 faizlik itkisi fonunda səfərbərlik elan olunur. Rusiyanın strateji deyil, ən azından taktiki nüvə silahına əl atacağını heç zaman istisna etməmişəm. Amma bu, Rusiya tam çıxışmaz vəziyyətə düşən, daha əvvəl işğal etdiyi ərazilərdən də çıxmaq məcburiyyətində qalan zaman baş verəcək. İndiki halda isə nüvə silahının tətbiqi üçün real şərait yaranmayıb. 

Nüvə silahının tətbiqini dünya kimsəyə bağışlamayacaq. Ona məruz qalan və reaksiya verən dövlətlər bundan böyük miqyasda təsirlənəcək. Rusiya belə addım atacaqsa, buna ABŞ-ın cavab reaksiyası da olacaq. Kimsə birinci olaraq nüvə silahından istifadə edərsə, mütləq şəkildə onun özü də zərbələrə məruz qalacaq. Moskva özü də bunu yaxşı anlayır”. 

Rüfət Sultan