Siyasət 16:16 07.12.2023

O`Braynın Bakı səfərində hansı məsələlər müzakirə edildi? (ŞƏRH)

"Tərəflər arasındakı bu narazılığın uzun sürməyəcəyinə heç bir şübhə yox idi. Bakıda keçirilən bu görüş barəsində ətraflı məlumat verilmir, xüsusən də Azərbaycan tərəfindən. Bu isə onu göstərir ki, görüşdə kifayət qədər ciddi məsələlər həll olunub və onların müzakirəsinin davamına ehtiyac var”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Arif Əliyev ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O`Braynın Bakı səfərini şərh edərkən deyib.

Arif Əliyevin fikrincə, verilən açıqlamalardan başa düşmək olar ki, iki mühüm məsələ müzakirə olunub: 

"Birincisi, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması məsələsidir ki, Vaşinqton onu sürətləndirmək və prosesdə öz yüksək rolunu təmin etmək niyyətindədir. Bu O`Braynın görüş haqqında məlumatdan da açıq görünür. İkinci mövzu isə regionda qlobal iqtisadi proseslərlə bağlı məsələdir. Azərbaycanı narahat edən məqam Avropa və Amerikanın regionda öz maraqlarını həddən artıq geniş təmsil etmək cəhdidir". 



Ekspert atılan addımlara əsasən düşünür ki, ortada razılığa gəlmək üçün əsas daha genişdir:

"Münasibətlərin yenidən normallaşmasına doğru da ciddi addımlar atılıb. Bu addımlar genişlənəcək, səfərlər intensivləşəcək. Sülh müqaviləsinin imzalanmasının tezləşməsi də tam real görünür”. 

Həmsöhbətimiz bu qənaətdədir ki, Bakı danışıqlar üçün Tiflis variantına üstünlük verir:

"Bu variant onu gələcəkdə bir sıra problemlərdən sığortalayar. Amma sülh danışıqları üçün görüşün harada olacağını qəti şəkildə demək olmaz. Ehtimal ki, Bakı Tiflislə Vaşinqton və ya Tiflislə Brüssel arasında seçim edəcək”. 
 
Ekspertin fikrincə, proses elə bir mərhələdədir ki, müqavilənin hansı məkanda imzalanacağı, onun özündən heç də az əhəmiyyət kəsb etmir:

"Bu mərhələdə əlbəttə, Avropa İttifaqı, istərsə də ABŞ Azərbaycana müəyyən təkliflər etməlidir ki, Bakı ona razı olsun. Bunlar hamısı bir-birinə calanmış şəkildə müqavilənin imzalanması tezliyinə təsir edir”. 

Qeyd edək ki, Bakıda səfərdə olan ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köçəkçisi Ceyms O`Brayn Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüb. O’Braynın ölkəmizə səfərinin ikitərəfli əlaqələrin müxtəlif aspektlərinin müzakirəsi və regional məsələlər ətrafında fikir mübadiləsinin aparılması baxımından əhəmiyyəti qeyd edilib. 

Rüfət Sultan