"Heç bir uşaq atasının, babasının əzizlədiyi papağı ayaq altına atmaz. O papaqla bu papağı qarışdırmayın”.
Bunu Qaynarinfo-ya açıqlamasında filologiya üzrə elmlər doktoru İlhamə Qəşəmova Novruz bayramı ilə bağlı milli adət-ənənələrindən danışarkən deyib. Alim bildirib ki, Novruz bayramında o vaxtı dövrdən bu günə kimi gələn ənənələrin arasında papaq atma da var:
"Keçmiş zamanda bu qurşaq, şal və torba sallama idi. Bu da bizim bacalarımızdan, qazma damlarımızdan sallanırdı. Damın başında olan bacadan gənclər sevdiyi qızların evlərinə qurşaq sallayaraq, ordan şirinlik alardılar. Hətta bəziləri niyyət edərdilər. Sonralar bizim qazma damlarımız daş asarlarla əvəzləndi və bundan sonra uşaqlar qapıların önünə "baja-baja payı” yığmağa gəlir. Bütün qapılar bayram axşamı şər qarışandan açıq olur, işıqlar yanır, ona görə ki, qapımıza gələn uşaqlar bayram paylarını daha rahat alsınlar. Həm də qapıların açıq olması xeyir qüvvələrin həmin evə ruzi-bərəkətin gətirməsinə işarədir. Küsülülər barışır, heç kəs ağzından nəlayiq sözlər çıxarmır”.
İlhamə Qəşəmova deyir ki, uşaqların papaq atması bəzi tədqiqatlar tərəfindən müxtəlif cür dəyərləndirilir:
"Çoxu həmin papağı namus, qeyrət, şərəf kimi düşünür ki, bunlar da qapının ağzına, ayaq altına atılmaması kimi qiymətləndirilir. Əvvəllər gənclərin atdığı papağı bu gün körpə uşaqlar atır. Bu gün uşaqlar atdığı papağı yerə atmaz, qapını döyüb papağı otağın bir küncünə buraxır. Çünki bu onların əzizlədiyi papaq olur. Uşaqların ata-balalarının papağı ilə bu papağı qarışdırmayın, bu uşaqlar üçün şənlikdir. Təki uşaqlar üçün bütün qapılar açıq olsun”.
İlhamə Qəşəmova onu da qeyd edib ki, bu gün uşaqlar hər qapıya da getmir.
Bahar Rüstəmli
Şərhlər