Ekonomiks 10:18 24.11.2023

Obyektlərdə yanğın təhlükəsizliyinə nəzarət necə həyata keçirilir? (RƏSMİ)

Dünən Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov prospektində yerləşən inşaat materialları bazarında yanğın baş verib.

Baş verən hadisə obyektlərdə yanğın təhlükəsizliyini gündəmə gətirib.

Bəs obyektlərdə yanğın təhlükəsizliyinə nəzarət necə həyata keçirilir?

Məsələ ilə bağlı Trend-in sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyinin, Dövlət Yanğın Nəzarəti Xidmətinin, şöbə rəisi, daxili xidmət polkovniki Cəmil Xudiyev bildirib ki, qeyri-yaşış obyektlərində yanğın təhlükəsizliyinin təmin edilməsi "Yanğın təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı və 7-ci maddələrinin tələblərinə əsasən vətəndaşlara, o cümlədən müəssisə rəhbərlərinə və sahibkarlara həvalə edilib.

"Bu sahədə nəzarətin həyata keçirilməsi isə sahibkarlarla münasibətdə "Yanğın təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.

"Qüvvədə olan qanunvericiliyin müvafiq müddəalarının tələblərinə uyğun, obyektlərin risk qrupundan asılı olaraq əvvəlcədən planlaşdırılmış illik plan əsasında yoxlamaların həyata keçirilməsi vasitəsilə nəzarət tədbirləri təmin edilir. Yoxlamaların dövriliyi də sözügedən qanunun tələblərinə əsasən müəyyən edilir. Belə ki, yanğın nəzarəti üzrə yoxlamalarla münasibətdə yüksək risk qrupuna aid obyektlər 6 ayda, orta risk qrupuna aid obyektlər bir ildə, aşağı risk qrupuna aid obyektlər isə iki ildə 1 dəfədən çox olmayaraq plan üzrə (növbəti) yoxlanılır. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları tərəfindən sözügedən plan əsasında yoxlamalar həyata keçirilərkən, obyektlərdə aşkar olunmuş yanğına qarşı nöqsanlar barədə sahibkarlarapozuntuların aradan qaldırılması məqsədilə müvafiq qərarlar qəbul edilərək rəsmi qaydada tələbnamələr təqdim edilir. Eyni zamanda aşkar edilmiş pozuntulara yol verildiyinə görə sahibkarlar barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq məsuliyyət tədbirləri tətbiq edilir."

Bir daha yaranmış fürsətdən istifadə edərək bütün qeyri-yaşayış təyinatlı obyektlərin sahiblərinə və mülkiyyətçilərinə yanğın təhlükəsizliyi qaydalarının tələblərinə ciddi riayət etmələrini, həmçinin "Yanğın təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərindən irəli gələn və onların üzərinə düşən vəzifələrin məsüliyyətlə yerinə yetirilməsini tövsiyə edirik", - deyə şöbə rəsi qeyd edib.