Ölkə 19:01 05.12.2023

Övladları yüksək vəzifə tutan sabiq məmurlar - Maraqlı faktlar

Cəmiyyətimizdə məmurların iş fəaliyyətləri ilə yanaşı onların özəl həyatları, həmçinin ailələri də insanların hər zaman maraq dairəsində olub. Hətta vəzifəsini itirən sabiqlərin sonrakı fəaliyyəti və həyatları zaman-zaman diqqət mərkəzinə düşüb. 

Maraqlıdır ki, vəzifədən azad olunmuş bir sıra sabiq məmurların yaxın ailə üzvləri, övladları hələ də yüksək vəzifələrdə çalışırlar.

Bizim.Media övladları vəzifədə olan sabiq məmurları araşdırıb:

Oqtay Şahbazov 

Oqtay Şahbazov 1991-ci ildən etibarən Prezident Administrasiyasında çalışıb. O, müxtəlif illərdə Prezidentin İşlər müdirinin birinci müavini, 2016-2021-ci illərdə isə Prezidentin işlər müdiri vəzifəsini icra edib. 

Oqtay Şahbazovun oğlu nazirdir. Belə ki, Pərviz Şahbazov hazırda Energetika naziri vəzifəsini daşıyır. O, 2017-ci ildən bəri bu vəzifəni icra edir.

Əli Məmmədov

Ərazilərin Bərpası üzrə Dövlət Agentliyinin sabiq sədri Əli Məmmədov 1997-2021-ci illərdə bu vəzifəni icra edib. Əli Məmmədov uğurlu fəaliyyətinə görə "Əməkdar mühəndis” fəxri adına, "Şöhrət” ordeninə layiq görülüb. 

Əli Məmmədovun oğlu da yüksək vəzifə daşıyır. Sahib Əli oğlu Məmmədov hazırda İqtisadiyyat nazirinin müavinidir. O, 2021-ci ildən etibarən nazir müavini vəzifəsini icra edir.

Elçin Əfəndiyev 

Elçin Əfəndiyev 1993-2018-ci illərdə Baş nazirin müavini vəzifəsini icra edib. O, dövlət idarəetməsindəki fəaliyyəti ilə yanaşı, yazıçı kimi də tanınır.  

Sabiq məmurun qızı Humay ixtisasca hüquqşünasdır. Hazırda Humay Əfəndiyeva Konstitusiya Məhkəməsində Cinayət və inzibati hüquq şöbəsinin müdiri vəzifəsini tutur. Dövlət qulluğunun baş müşaviri ixtisas dərəcəsi var. 

Tağı Əhmədov 

Tağı Əhmədov 1998-2014-cü illərdə "Bakı Metropoliteni”nin rəisi vəzifəsini icra edib. Sonrakı illərdə YAP-ın Yasamal rayon təşkilatına sədrlik edən T.Əhmədovun 74 yaşı var. Hazırda sabiq məmurun səhhətində ciddi problemlərin olduğu bildirilir.

Tağı Əhmədovun iki oğlu var. Onlardan biri Rauf Əhmədov hakimdir. Digər oğlu Ruslan Əhmədov isə Xarici İşlər Nazirliyində çalışır. 

Elman Məmmədov 

Elman Məmmədov 1991–2000-ci illərdə Xocalı İcra Hakimiyyətinin başçısı vəzifəsini daşıyıb. O, hazırda Milli Məclisin deputatı, GUAM-ın Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdür.

Elman Məmmədovun oğlu Elşad Məmmədov da yüksək vəzifə tutur. O, hazırda Baş Dövlət Yol Polisi İdarəsinin Avtomobillərin Texniki Müayinə Mərkəzinin rəisidir. 

Vidadi Muradov 

Uzun illər "Azərxalça” ASC-nin İdarə heyətinin sədri olmuş Vidadi Muradov 9 yanvar 2021-ci ildə külli miqdarda mənimsəmə ittihamı ilə həbs olunub. 31 oktyabrda səhhəti ilə əlaqədar həbsdən azad edilib. 4 noyabr 2021-ci ildə xərçəng xəstəliyindən vəfat edib.

Vidadi Muradovun oğlu da yüksək vəzifə daşıyır. Cavid Muradov Sabunçu rayon Polis İdarəsinin rəisidir.

Vilyam Hacıyev 

2012-2020-ci illərdə İmişli rayon İcra Hakimiyyətinin başçısı olmuş Vilyam Hacıyev hazırda həbsdədir. O, 5 may 2020-ci ildə DTX əməkdaşları tərəfindən saxlanılıb. V. Hacıyevə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərini aşma), 179-cu (mənimsəmə) və 311-ci (rüşvət alma) maddələri ilə ittiham elan edilib. Məhkəmənin qərarı ilə sabiq başçı 12 il azadlıqdan məhrum edilib. 

Vilyam Hacıyevin oğlu Məhəmməd Hacıyev Qubadlı rayon prokurorluğunda müstəntiq işləyir.

Nizaməddin Quliyev 

Ağstafa rayonunun sabiq İcra başçısı Nizaməddin Quliyev də Vilyam Hacıyev kimi vəzifə başında həbs olunan məmurlardandır. 10 il icra başçısı olmuş N.Quliyev 2019-cu ildə saxlanılıb.

O, yerli icra hakimiyyəti və digər yerli dövlət orqanlarının vəzifəli şəxslərindən müxtəlif adlar altında pul vəsaitləri tələb edərək almaqda ittiham olunub. Nizaməddin Quliyev 2021-ci ildə həbsxanada olarkən COVID-19-dan vəfat edib. 

Nizaməddin Quliyevin oğlu Ramal Quliyev Quba rayon prokurorunun köməkçisidir.