Dünya 17:56 27.03.2023

“Şor” Moldova parlamentində bəyanat vermək hüququndan məhrum edilə bilər

Moldovanın "Şor" müxalifət partiyasının nümayəndələri respublika parlamentinin binasında bəyanat vermək hüququndan məhrum edilə bilər.

Qaynarinfo xəbər verir ki, bu barədə qanunverici orqanın spikeri və hakim "Hərəkət və həmrəylik" partiyasının rəhbəri İqor Qrosu bildirib.
 
Onun sözlərinə görə, bu, "Şor”un Moldova əhalisini yanlış məlumatlandırması ilə bağlıdır.

Martın 24-də parlamentdə brifinq zamanı "Şor”un sədr müavini Marina Tauber bildirib ki, prezident Maya Sandu və Baş nazir Dorin Reçan Moldovanı Ukrayna münaqişəsinə cəlb etmək üçün Dnestryanıda hərbi təxribat hazırlayırlar. Xanım Tauber iddia edib ki, partiya belə məlumatları xarici ölkələrin kəşfiyyat orqanlarından alıb. Onun sözlərinə görə, hərbi təxribat aprelin 17-nə planlaşdırılıb.

"Bu mütəşəkkil cinayətkar qruplaşmanın, qondarma partiyanın nümayəndələrinin etdikləri Moldovada vəziyyəti sabitsizləşdirmək cəhdidir. Hakimiyyət lazımi tədbirləri görəcək, biz bu bəyanatları və hərəkətləri parlamentin iclasında müzakirə edəcəyik ki, bu cinayətkar ünsürlərin parlament tribunasından əhalini yanlış məlumatlandırmaq üçün istifadə etməsinə imkan verilməsin”, - İqor Qrosu brifinqdə deyib. 

Onun sözlərinə görə, Moldova hakimiyyətinin həyata keçirmək niyyətində olduğu konkret tədbirlər daha sonra açıqlanacaq.

Nizami Bağırov