Dünya 15:50 23.01.2024

Orban NATO məsələsini müzakirə etmək üçün İsveçin baş nazirini Macarıstana çağırdı

Macarıstanın baş naziri Viktor Orban isveçli həmkarı Ulf Kristerssonu İsveçin NATO-ya daxil olması ilə bağlı danışıqlar aparmaq üçün Budapeştə dəvət edib.

Qaynarinfo xəbər verir ki, Orban bu barədə çərşənbə axşamı, yanvarın 23-də özünün X (Twitter) səhifəsində bildirib.

"Bu gün mən İsveçin baş naziri Ulf Kristersona İsveçin NATO-ya daxil olması ilə bağlı danışıqlar aparmasına dair Macarıstana səfər etmək üçün dəvət məktubu göndərdim", deyə Macarıstanın baş naziri yazıb.

"Bloomberg" daha əvvəl bildirib ki, yanvarın 28-də Türkiyə parlamenti İsveçin NATO-ya qəbulu ilə bağlı səsvermə keçirməyi planlaşdırır. 

2022-ci ilin mayında İsveç və Finlandiya eyni vaxtda Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsi fonunda NATO-ya üzv olmaq üçün müraciət edib. Aprelin 4-də Finlandiya rəsmi olaraq NATO-ya qoşulub və Şimali Atlantika Alyansının 31-ci üzvü olub.

Türkiyə və Macarıstan İsveçin müraciətini hələlik ratifikasiya etməmiş yeganə NATO üzvləridir. Türkiyə Stokholm qarşısında bir neçə şərt irəli sürüb, xüsusən də İsveçdən 120 terrorçunu təhvil verməsini tələb edib.

Nizami Bağırov