Dünya 14:55 15.05.2023

Orbanın AB-ni Hitlerin planları ilə müqayisə etməsi çex naziri qəzəbləndirdi

Çexiyanın xarici işlər naziri Yan Lipavski Avropaya inteqrasiyanı Hitlerin Avropa birliyi planları ilə müqayisə edən Macarıstanın baş naziri Viktor Orbanın bəyanatlarını tənqid edib.

Qaynarinfo xəbər verir ki, bu barədə "Euractiv" yazır.

Orban cümə günü Macarıstanın qərbindəki Vespremdə bildirib ki, hətta Adolf Hitler də Avropa birliyini xəyal edirdi və sonradan "daha sıx birlik" ideyasına üz tutdu. Bu da Çexiya tərəfinin tənqidinə səbəb oldu. 

"Macarları, özlərini narahat hiss edərlərsə, heç kim onları bu cəmiyyətin bir hissəsi olmağa məcbur etmir", - Lipavski Çexiya televiziyasında teledebat zamanı deyib:

Müzakirələrə qoşulan Çexiyanın Avropa komissarı Vera Jurova hər belə bəyanatla Macarıstanın reputasiyasının zədələndiyini bildirib.

Moderatorun Macarıstanı hələ də demokratik ölkə hesab edirmi sualına Yurova belə cavab verib: 

"Mən Macarıstanın demokratik ölkə olmasına şübhə edirəm. Buna çoxdan şübhələrim var".

Bununla belə, o vurğulayıb ki, Orbanın ritorikasına baxmayaraq, bəzi macar diplomatlar hələ də sanksiyalar kimi Aİ səviyyəsində yekdil səs tələb edən məsələlərdə mümkün kompromislərə açıqdırlar.

"Və məhkəmə sistemində və ya dövlət satınalmalarında islahatların həyata keçirilməsi ilə bağlı bizimlə danışıqlar aparan peşəkar və zəhmətkeş Macarıstan rəsmiləri də var", - deyən Yurova əlavə edib ki, Macarıstan rəsmilərinin yanaşması ölkənin "pula çox ehtiyacı olduğunu göstərir”.

Teledebat zamanı Yurova həmçinin bildirib ki, Brüsseldə onu ziyarət edən bəzi macar tələbələr, müəllimlər və ya təşkilatlar "evdə təqiblərə məruz qalmamaq” üçün "bu görüşləri gizli saxlamaq istəyirlər” və onunla şəkil çəkdirmək istəmirlər.

Qeyd edək ki, Macarıstanın baş naziri Viktor Orban növbəti dəfə Avropa İttifaqını tənqid edib və hətta onun mövcudluğunun zəruriliyini şübhə altına alıb.

Nizami Bağırov