Ölkə 16:10 27.11.2023

Pandemiyadan sonrakı dəb olan onlayn təhsil uğurlu oldu? (ŞƏRH)

"Azərbaycanda başqa ölkələrdən fərqli olaraq distant təhsil forması mövcud deyil. Bizdə yalnız iki - əyani və qiyabi təhsil formaları işləkdir".

Bunu Qaynarinfo-ya təhil məsələləri üzrə ekspert Elmin Nuri Azərbaycanda onlayn və distant təhsilin keyfiyyəti haqqında danışarkən deyib. Elmin Nuri bildirib ki, dünya bu təcrübə ilə tanış olsa da, Azərbaycan pandemiya dövründə tanış oldu:

"Pandemiya dövründə meydana çıxan onlayn təhsil işlək mexanizm formasında olmayıb, bu, sadəcə bir məcburiyyət idi. Həmin dövrdə yoluxmaların artmaması, fəsadların kütləviliyini azaltmaq üçün atılmış məcburi və yeganə addım idi. Biz distant təhsil formasının özündən deyil, elementlərindən istifadə etdik. Elementləri isə yarı faydalı, yarı faydasız onlayn dərslər oldu".

Təhsil ekpsertinin sözlərinə görə, dünyanın bir çox inkişaf etmiş ölkələrində distant təhsil koronovirus pandemiyasından xeyli əvvəl var idi:

"Distant təhsilin Cənubi Koreya, Finlandiya, Sinqapur, Danimarka modeli var idi. Bu modellər xüsusi peşəkarlıqla işlənmişdi. Onda isə heç kim düşünmürdü ki, bir gün pandemiya baş verəcək və onlayn təhsilə keçiləcək. XXI əsrin, onlayn və rəqəmsal dünyanın tələbi təhsilin onlayn müstəvidə davam etməsini şərtləndirirdi. Pandemiyaya qədər distant təhsil yalnız Aəzrbaycanda bir universitetdə idi".
 


Elmin Nurinin sözlərinə görə, distant təhsilin effektivliyini artırmaq üçün onu ayrıca bir təhsil formasında qəbul etməliyik:

"Azərbaycan 2020-ci ilin martın 3-də karantin rejiminə keçib tədrisi dayandıranda biz buna hazır deyildik. Lakin heç vaxt tətbiq olunmayan bir təcrübədən istifadə olunmalı idi. Dünya bu sistemə hazır olsa da, Azərbaycanda yarı yaxşı, yarı pis pandemiya dövründə başlamışdı. Biz distant təhsili, onlayn təhsiliforma kimi qəbul etməmişik. Onu məcbur element kimi qəbul edərək, icra etməyə çalışmışıq. Pandemiya dünyanın axarında çox şeyləri dəyişdiyi kimi, təhsilə baxışı da dəyişdi. Təhsilə önəm verən ölkələrdə distant təhsil forması elə əvvəldən əsas formalardan hesab olunurdu”. 
 
Həmsöhbətimiz deyib ki, pandemiya bizim kimi ölkələrə əlavə təcrübə verdi: 

"Biz anladıq ki, bu istiqamətdə də dərsləri aparmaq mümkündür. Hazırda işlərini tamamilə onlayn sistemə keçirən özəl tədris mərkəzləri var. Biz bu təcrübəni öyrənsək də, bu formaya hələ tam hazırıq demək olmaz. 2020-cin ildən 2022-ci ilin sonuna qədər, yəni iki ildən bir az çox müddətdə təcrübə keçmək bizim ona tam alışdığımızı göstərməz. İndi bəzi müəllimlər, bəzi özəl kursalar, tədris mərkəzləri iki illik təcrübəyə əsasən bunu niyə də olmasın modunda tətbiq etmək istəyirlər. Amma bu, belə olmamalıdır. Biz əvvəl bu sistemə necə hazır olduğumuzu müəyyən etməliyik. 

Danimarkada distant təhsil necə olması ilə bağlı 600 səhifədən qalın bir kitab nəşr olunur. Sanki o kitab adama strateji yanaşmaları öyrədir. Həmin kitabda distant təhsilin, onlayn təhsilin bütün incəlikləri əksini tapır. 

Onlayn təhsil müəllim dedi, şagird qulaq asdı deyil, burda da şagirdlərin psixologiyası, dərsə yanaşması mütləq nəzərə alınmalıdır. Onlayn dərsdə də zaman düzgün bölünməli, hər hissə vaxtında tədris olunmalıdır. Yəni onlayn təhsildə bütün psixoloji və texniki detallar nəzərə alınmalıdır”. 
 
Günay İlqarqızı