Siyasət 12:37 10.01.2023

Paşinyan: "Azərbaycanın digər hissəsi ilə Naxçıvan arasında əlaqələrin bərpası vacibdir"

"Laçın dəhlizinin işini Rusiya sülhməramlıları təmin etməlidir”.

Qaynarinfo "Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan yanvarın 10-da keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, durum ictimaiyyətə açıqlanıb, lazımi qiymət verilib: "Laçın dəhlizinin işini Rusiya sülhməramlıları təmin etməlidir. Bu, üçtərəfli sazişlərdə də öz əksini tapıb”.

Paşinyan Ermənistan-Türkiyə sərhədlərinin açılmasından danışaraq bildirib ki, bu, qlobal əhəmiyyət daşıyacaq. O hər iki ölkənin xüsusi nümayəndələrinin fəaliyyətinin vacibliyini, Ərdoğanla birbaşa danışıqların əhəmiyyətini vurğulayıb və yaxın vaxtların sərhədlərin açılacağına ümid etdiyini qeyd edib: "İrəvan və Ankara təkcə danışıqlar aparmamalıdır, prosesin dinamikasını artıran konkret addımlar da atılmaıldır. Nəqliyyat əlaqələri nəzərindən regionun loqistik əhəmiyyəti dəyişir, daha vacib rol oynayır. Ermənistanla Türkiyə arasında sərhədlərin o cümlədən dəmir yolunun açılması qlobal əhəmiyyət daşıyacaq. Həmçinin Azərbaycanla Naxçıvan, İranla Azərbaycan, Ermənistanla Rusiya arasında əlaqələrin inkişafında əhəmiyyətli olacaq”.

Ermənistanın baş naziri həmçinin Azərbaycanın digər hissəsi ilə Naxçıvan, İranla Azərbaycan, Ermənistanla Rusiya arasında əlaqələrin bərpasının vacib olduğunu qeyd edib. 

Paşinyan Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) təlimlərinə ev sahibliyi etməyəcəyini bildirib. O qeyd edib ki, Ermənistan hazırkı vəziyyətdə KTMT təlimlərinin keçirilməsini yersiz hesab edir.

Aydın