Hüseynbala Səlimov
Dünya 09:54 27.11.2023

Paşinyan hakimiyyətdən gedə bilərmi?..

Səhv etmiriksə, mövcud Ermənistan qanunvericiliyi baş nazirin hakimiyyətdə qalması üçün hər hansı bir zaman məhdudiyyəti nəzərdə tutmur. 

Elə keçmiş prezident Serj Sarqsyanı da ölkənin siyasi sisteminə korrektələr etməyə sövq edən ən əsas motiv bu idi – Serjik baş nazir kimi uzun müddət hakimiyyətdə qalmaq istəyirdi. 

Ondan əvvəl bunu qonşu Gürcüstanda Mixeil Saakaşvili etməyə cəhd göstərmişdi. Amma ona da hakimiyyətini bu yolla uzatmaq qismət olmamışdı - əvəzində bu "siyasət meyvəsi”nin ləzzətini dadmaq o vaxtki müxalifət partiyası "Gürcü arzusu”na qismət olmuşdu. 

Aydındır ki, bir gün indiki erməni baş naziri Nikol Paşinyan da hakimiyyətdən gedəcək - əlbəttə, o, əsl demokrat və qərbçidirsə! Söz yox ki, onun hələ hakimiyyətdə qalması bizim maraqlarımıza cavab verir, çünki Kreml ilə İrəvan arasındakı münasibətlər nə qədər soyuq olarsa, bizim üçün bir o qədər yaxşıdır. Nikolun hakimiyyəti dövründə isə bu münasibətlərin mülayimləşməsi görünmür, baxmayaraq ki, Nikol hər dəfə özünün kəskin anti-Rusiya bəyanatlarının duzunu azaltmaq üçün onları bir qədər korrektə etməyə, onlara bir az şəkər qatmağa çalışır. 

Di gəl, biz özümüzü bu amildən, bu siyasi reallıqdan asılı hesab etməməli, öz işimizi görməliyik – belə ki, Paşinyanın hakimiyyətdən getməsinin Günəşin çıxmasına, fəsillərin dəyişməsinə nə qədər dəxli varsa, bizə də bir o qədər aidiyyəti var. Biz əsas işi görmüşük, torpaqlarımız erməni separatçılarından – terrorçularından təmizləmişik. İnidisə qalır ikinci məsələ - İrəvanla sülh sazişinin imzalanması. Bu isə daha çox Ermənistanın probelmi olmalıdır, çünki nə qədər ki, sülh sazsişi imzalanmayıb, İrəvan regionun siyasi-iqtisadi arxitekturasına köklü-əsaslı şəkildə inteqrasiya edə bilməyəcək, onun üçün kommunikasiyalar açılmayacaq və blokada götürülməyəcək.

O ki qaldı Paşinyanın hakimiyyət məsələsinə, biz bu sətirləri yazanda Ermənistanda siyasi vəziyyətin yenə gərginləşdiyi deyilir, növbəti ildə bu ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsi haqqında söz–söhbət dolaşırdı. Maraqlıdır ki, növbədənkənar parlament seçkiləri haqqında təklif hakim siyasi partiyadan, Paşinyandan gəlir. Görünür, bu yolla erməni baş naziri öz hakimiyyətini bir az da gücləndirmək, müxalif qüvvələri bir az da küncə sıxışdırmaq istəyir. 
Amma elektoratın zəhləsini də tökmək olmaz – o, bir gün qeyzlənib sənə "yox!” da deyə bilər. Bu bir neçə ildə Nikol erməni elektoratından bir neçə dəfə kart-blanş almağa çalışıb və buna nail olub. Amma o, hələ də erməni siyasi elektoratının qətiyyətinə adekvat qətiyyət göstərə bilməyib. Ona qarşı nümayiş etdirilən siyasi etimad hələ də bir avans xarakteri daşıyır. Amma bir məsələ də var ki, erməni siyasi mühitində hələ ki Nikolu əvəz edə biləcək başqa bir siyasi lider yoxdur. Arabir müxtəlif adlar çəkilir, amma bunlar ehtimal və gümandan başqa bir şey deyil. Həm də ki, mövcud müxalifət də Nikol ilə ölüm-dirim savaşına çıxmaq fikrində deyil. Onu bu vəziyyətdə saxlayan iki əsas məqam var. 

Birincisi, müxalifətin ciddi sosial dayaqları yoxdur, xüsusən də keçmiş Dağlıq Qarabağ siyasi klanına daha heç kim dəstək vermir. İkincisi, müxalifət gəlib nə edəcək? Təzədən Azərbaycanla müharibəyə başlayacaqmı? Düşünürk ki, Ermənistanda bu cür xülyaların ciddiliyinə daha heç kim inanmır. 

Keçmiş Dağlıq Qarabağ məsələsində ermənilərin ən əsas müttəfiqi Rusiya idi, amma Kreml artıq özünün müttəfiqi qarşısındakı öhdəliyini çoxdan boynundan atıb – bəli, qatar artıq gedib, ağlı başında olan ermənilər də daha perronda dayanıb onun arxasınca baxmaq istəmirlər. Düzdür, arada ABŞ və Fransa vurnuxur. Amma onlar nəsə edə biləcəklərmi? Güman etmirik, daha doğrusu, əminik ki, Vaşinqtonun və Parisin cəhdlərindən bir şey alınmayacaq, çünki keçmiş Dağlıq Qarabağı tərk etmiş adi ermənilər belə indi tamam başqa sevdadadırlar – qaçqın statusu almaq və Ermənistan adlı cəhənnəmdən birdəfəlik yaxa qurtarmaq!..

Hüseynbala Səlimov