Siyasət 11:44 20.05.2023

Paşinyan “Mülki müqavilə”nin deputatları ilə Brüssel görüşünü müzakirə etdi

Ermənistanın baş naziri Nikol Paşinyan "Mülki müqavilə” fraksiyasının deputatları və nazirlərlə qapalı iclasda Brüssel görüşünün nəticələrini müzakirə edib.

Qaynarinfo xəbər verir ki, bu barədə "Joqovurd” qəzeti yazır.

Qeyd olunur ki, iki saatdan çox davam edən görüşdə iki nazir - Təhsil və Elm Nazirliyinin rəhbəri Janna Andreasyan və Fövqəladə Hallar Nazirliyinin rəhbəri Armen Pambuxçyan iştirak edib.

"Paşinyan əvvəlcə Brüssel görüşünün təfərrüatlarını təqdim edib, yekunları açıqlayıb və "Mülki müqavilə”nin üzvləri əsasən dinləyici rolunda iştirak ediblər, onlardan yalnız bir neçəsi baş nazirə sual verib. Paşinyan deyib ki, Azərbaycanla bir sıra mühüm məsələlərdə razılığa gəlmək mümkün olmayıb, ümumilikdə isə Brüssel görüşü müsbət qiymətləndirilib”, deyə məqalədə deyilir.

Qəzet qeyd edir ki, Azərbaycan və Ermənistan liderlərinin Moskva və Kişinyovda gözlənilən görüşləri müzakirə olunmayıb. İclasın sonunda daxili siyasi məsələlər, partiyanın fəaliyyəti və parlamentin qarşıdan gələn iclası nəzərdən keçirilib.

Qeyd edək ki, mayın əvvəlində Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında dörd günlük danışıqlar aparılıb. Bundan sonra mayın 14-də Brüsseldə iki ölkə liderinin Avropa İttifaqı Şurasının rəhbərinin iştirakı ilə görüşü keçirilib. İlham Əliyevlə Nikol Paşinyan arasında daha bir görüşün iyunun 1-də Kişinyovda keçiriləcəyi gözlənilir.

Lakin mayın 18-də Ermənistanın baş naziri Azərbaycan prezidenti İlham Əliyevlə görüşmək üçün mayın 25-də Moskvaya gedəcəyini bildirib.

Alpər