Siyasət 16:07 05.06.2023

“Paşinyan Türkiyə ilə barışmaq istəyir” - Politoloq

"Paşinyanın Ərdoğanın andiçmə mərasimində iştirak etmək üçün Türkiyəyə səfəri vacib siyasi addımdır. Bu ondan xəbər verir ki, Ermənistanla Türkiyə arasında münasibətlərin tam normallaşması üçün zəmin yaranıb”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq İlqar Vəlizadə Ermənistan baş nazirinin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimində iştirak üçün bu ölkəyə səfərinin münasibətlərin bərpasına stimul yaradıb-yaratmayacağını şərh edərkən deyib. 

Politoloq bildirib ki, prosesi rəsmiləşdirmək lazımdır. 

"Rəsmiləşdirmək üçün də müəyyən danışıqlar aparılmalı və proses məntiqi nəticəyə çatmalıdır. Ankara ilə İrəvan arasında diplomatik münasibətlərin hələ də yaranmamasında əsas əngəl Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmamasıdır”, deyə İlqar Vəlizadə qeyd edib.



Ekspert düşünür ki, Bakı ilə İrəvan arasında ikitərəfli münasibətlərdə irəliləyiş əldə olunandan dərhal sonra Ermənistanın Türkiyə ilə əməkdaşlığında da müsbət dəyişikliklər olacaq: 

"Əsas məsələ odur ki, son proses sinxron olsun. Son vaxtlar Zəngəzur dəhlizilə bağlı müəyyən ümidverici addımlar atılır. Bu dəhliz Ermənistanı həm Azərbaycan, həm də Türkiyə ilə bağlayacaq. Ona görə məntiqə arxalansaq, deyə bilərik ki, Ermənistan-Türkiyə münasibətləri Azərbaycan üçün də vacibdir. Çünki bu yolla yüklər Azərbaycandan Ermənstana, oradan ərazimiz olan Naxçıvana və daha sonra Türkiyəyə daşınacaq. Bu mənada, sərhədlərin açılmasının sinxron şəkildə getməsi hər üç ölkə üçün müəyyən dividentlər gətirəcək”. 

Qeyd edək ki, hələ də Türkiyə ilə Ermənistan arasında diplomatik əlaqələr yaradılmayıb. 44 günlük müharibə prosesin gerçəkləşməsinə stimul yaratsa da, hələlik Ankara və İrəvan bu istiqamətdə real addım atmırlar.

Rüfət Sultan