Hüseynbala Səlimov
Siyasət 09:49 14.03.2022

Paşinyan yenə kartları qarışdırıb?..

Hüseynbala Səlimov

Əvvəlcə Fransaya, daha sonra Rusiyaya! Prinsipcə, biz buna təəccüblənməməliyik, çünki belə fokuslar erməni siyasətində yetərincədir: Rusiya ilə sıx münasibətləri olan İrəvan bir gözü ilə daim kənarlara da baxır ki, daha bir geosiyasi patron da tapsın.

Bu baxımdan Fransa ermənilər üçün çox mühüm bir ölkədir, ən azı ona görə ki, o, şanlı qırx dörd günlük müharibədən sonra suyu bulandırmaqda davam edir, qeyd etdiyimiz müharibənin nəticələrini heç cür həzm edə bilmir. 

Prezident Emmanuel Makron bu müddət ərzində qəti sakit dayanmayıb, gah hansısa bəyanatla çıxış edir, gah Azərbaycan prezidentinə telefon açır, gah da kiçik bir imkanı belə istifadə edib Ermənistanın baş nazirini qəbul edir  ki, onu əmin etsin, Fransa öz kiçik bacısını – Ermənistanı (keçmiş prezident N.Sarkozi demişkən!) tək qoymayacaq. Amma düşünürük ki, erməni baş nazirinin bu səfərində böyük məna axtarmaq lazım deyil.

Məsələ bundadır ki, aprel ayında Fransada növbəti prezident seçkiləri olacaq. Ən sonuncu gün prezident Makron da seçkidə iştirak etməyə qərar verdi. 
Hazırda on iki namizəd mübarizə aparır. Analitiklər indidən çətin siyasi mübarizənin olacağını xəbərləyirlər. Onlar belə detalı da qeyd edirlər ki, 1965-ci ildən bu tərəfə prezidentlər bir tura seçilməyiblər. Öz tərəfimizdən də qeyd edək ki, son prezidentlərə təkrar seçilmək nəsib olmayıb. Ona görə də Yelisey sarayının indiki sahibini çox çətin anlar gözləyir.

Aydın məsələdir ki, E.Makron erməni diasporunun da dəstəyinə ümid edir və N.Paşinyan da Fransaya məhz ona görə yollandı ki, Makrona bu dəstəyi ifadə etsin. 

İrəvanın real siyasi dreyfinə gəldikdə isə, hər şey rus-ukrayna müharibəsinin nəticəsindən asılı olacaq. Artıq müharibə üçüncü həftədir ki, davam edir. 
Hiss olunur ki, sülh axtarışına təkcə Ukrayna çıxmayıb, ruslar da bunu edirlər. Amma Rusiya tələblərini bütün dünyaya elan edib. Ona görə də onlardan geri çəkilmək elə də asan məsələ deyil - axı bu qədər xərc çəkilib, minlərlə əsgər və zabit həlak olub! Geri çəkilsə, Putin bunu necə izah edəcək?
Ötən həftə Rusiyanın prezidenti bəyan etdi ki, danışıqlarda artıq ilk pozitiv əlamətlər var. Üstəgəl, Rusiya tərəfi Ukrayna prezidentilə görüşə hazır olduqlarını da bildirirlər. Məlum olduğu kimi, Rusiyanın tələbləri olduqca ağırdır: Moskva israr edir ki, Kiyev neytral dövlət statusunu qəbul etsin, Krımı Rusiyanın ərazisi kimi tanısın, Donetsk və Luqansk "respublika”larının müstəqilliyini bəyan etsin...

Erməni mövzusuna qayıdaraq qeyd edək ki, onlar hərbi təxribatları davam etdirir, bizim rayonları atəşə titurlar və bütün bunlar Rusiyanın sülhməramlı qüvvələrinin gözləri önündə baş verir. Onlar niyə buna son qoymurlar? Çox çətin sualdır.

Birincisi, hərbi təxribatlar olmasa, rus sülhməramlılarına da lüzum olmaycaq.

İkincisi, hərbçilər də bəzi neqativ xidmətdənkənar münasibətlərə meylli olurlar. Yox, biz iddia etmirik ki, Dağlıq Qarabağda məhz bunlar baş verir. Amma bir çox mənbələr dəfələrlə bildiriblər ki, Rusiyanın hərbi nümayəndəsilə ermənilər arasında sıx əlaqələr yaranıb.

Bu səbəbdən də biz Qarabağ müstəvisində hələ müəyyən problemlər yaşayacağıq. Bir məsələni bilmək lazımdır: Rusiya sülhməramlıları bura ona görə gəlməyiblər ki, ermənilərin fokuslarına son qoysunlar, yox, onlar ona görə buradadırlar ki, burada Rusiya qoşunlarının zəruri olması görüntüsünü yaratsınlar... 

Bir sözlə, situasiya çox mürəkkəbdir və o, Rusiya – Ukrayna müharibəsinin nəticəsindən asılı olaraq təkan alacaq. Ona görə də bütün mütərəqqi dünya çalışmalıdır ki, Rusiya qalib olmasın. Qeyd edək ki, onlar, xüsusən də Qərb ölkələri bunu bacararlar, axı Əfqanıstan hələ də Moskvanın yadındadır. Məgər Ukrayna və ukraynalılar Əfqanıstan və əfqanlardan zəifdirlər?..