Siyasət 13:15 01.09.2023

"Paşinyan Zəngəzur dəhlizindən imtina edib” - Ekspert

"Proseslər Azərbaycanın nəzarəti altında inkişaf edir və belə də davam edəcək”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında bunu siyasi şərhçi Arif Əliyev Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarındakı humanitar yüklərlə bağlı yaşanan proses fonunda hadisələrin sonrakı inkişafını şərh edərkən deyib: 

"Bu nə Avropa oyunçuları, nə ABŞ, nə Rusiya, nə də Ermənistanın dedikləri formada cərəyan etmir və etməyəcək. Azərbaycan nümayiş etdirir ki, humanitar yüklərin buraxılmasına, o cümlədən Laçın yoluna heç bir qadağa qoymayıb, sadəcə, bir şərtlə bu yollar paralal olaraq istifadə olunmalı və məsələ inteqrasiyaya doğru getməlidir”.

A.Əliyev bildirib ki, Fransa və Ermənistanın hərəkətlərini ayrıca olaraq qeyd etmək mümkündür:
 
"Onlar təkidlə Laçın yolunun işlədilməsini tələb edirlər. Aydındır ki, Bakı bu tələbi qəbul etməyəcək. Bunu Paris və İrəvan da başa düşür. Nəticədə əvvəl-axır proses hər iki yolun paralel işlədilməsi istiqaməti üzrə gedəcək. Ermənistan Zəngəzur dəhlizindən imtina seçimini edib. Ona görə artıq Laçın dəhliz statusu da yoxdur, buradan sadəcə bir yol kimi istifadə olunur”.

Həmsöhbətimiz qeyd edib ki, Fransa ilə İrəvanın məsələ ətrafında bu cür davranışları əslində Qarabağ erməniləri və Azərbaycana yox, məhz Ermənistanın özünə yönəlib: 

"Çünki başlıca tələbləri sülhməramlıların Laçın yolunun işləməsini təmin etmələri istiqamətinə yönəlib. Sülhməramlılar onu  təmin edə bilmirlərsə, İrəvanın seçimi Avropa olacaq. Oyunun əsasında dayanan əsas məsələ məhz budur, Ermənistanın üzünün Avropaya çevirməsinin sürətləndirilməsini təmin etməkdir. Qarabağa gəldikdə, bütün tərəflər başa düşür ki, burada qaçılmaz yol yalnız hər iki istiqamətdə gediş-gəlişin açılması və Qarabağın inteqrasiya prosesinin başlanmasıdır”. 

Rüfət Sultan