Dünya 16:42 18.05.2023

Paşinyanın oğlunu qaçırmaqda təqsirləndirilən qadın aclıq aksiyasına başladı

Ermənistanın baş naziri Nikol Paşinyanın oğlu Aşot Paşinyanın oğurlanmasında ittiham olunan Qayane Akopyan aclıq aksiyasına başlayıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə Hayastan fraksiyasının deputatı Aqnessa Xamoyan jurnalistlərə müsahibəsində bildirib.

Qayane Akopyan 44 günlük müharibədə həlak olan hərbçi Jora Martirosyanın anasıdır. O, mayın 17-də Ermənistanın baş nazirinin oğlunun oğurlanması ilə bağlı saxlanılıb.

Deputatın sözlərinə görə, o, həbsdə olarkən aclıq aksiyasını dayandırmaq fikrində deyil. Qadın özünü yaxşı hiss etmir və zəifdir, lakin o, baş nazirin oğlu ilə qarşılaşmaqdan imtina etmək fikrində deyil.

"O, hesab edir ki, Aşot onu səhv başa düşüb və hər şey qarşılaşmadan sonra bəlli olacaq”, - deputat bildirib.

Mayın 17-də baş nazirin ailəsinə məxsus "Haykakan Jamanak” qəzeti Aşot Paşinyanın oğurlanması cəhdi barədə daha əvvəl məlumat vermiş, Dağlıq Qarabağda öldürülən hərbçilərin valideynlərini birləşdirən "Oğulların çağırışı” təşkilatının üzvlərini günahlandırmışdı. Nəşr iddia edib ki, təşkilat üzvləri oğul Paşinyanı maşınlarına minməyə məcbur ediblər, lakin o, tullana bilib və onu başqa maşın vurub. Zərərçəkmiş xəsarət alıb və hüquq-mühafizə orqanlarına müraciət edib. Daha sonra İstintaq Komitəsi "adam oğurluğu” maddəsi ilə cinayət işi açıb.

"Oğulların çağırışı” təşkilatı adam oğurluğu ittihamını rədd edib. Onlar qeyd ediblər ki, təşkilat üzvləri təsadüfən Aşot Paşinyanla görüşüblər, yalnız qurbanların anaları ona yaxınlaşıb, maşına minməyi, söhbət etməyi və İrəvandakı Yerablur hərbi qəbiristanlığına birlikdə getməyi təklif ediblər. Təşkilat iddia edir ki, Aşot Paşinyan etiraz etmədən, heç kimin müdaxiləsi olmadan Qayane Akopyanın maşınına minərək Yerablura gedib, daha sonra yolda "naməlum səbəbdən maşından düşüb”.

Alpər