Dünya 17:07 14.02.2023

Paşinyanın Rusiyaya qarşı növbəti demarşı nə vəd edir? (ŞƏRH)

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) birgə qərargahının rəhbəri Anatoli Sidorov bəyan edib ki, Ermənistanda keçirilməsi planlaşdırılan "Sarsılmaz qardaşlıq" təlimi Qırğızıstanda keçiriləcək.
 
Bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan bəyan etmişdi ki, Müdafiə Nazirliyi KTMT sülhməramlı kontingentinin ölkədə "Sarsılmaz qardaşlıq-2023” təliminin keçirilməsinin məqsədəuyğun olmadığı barədə KTMT-ni məlumatlandırıb. KTMT-nin birgə qərargahı bu məlumatı əldə etdiklərini və quruma üzv olan digər dövlətlərin ərazisində təlimlərin keçirilməsi ilə bağlı təkliflər hazırladıqlarını təsdiqləyib. 

"Yekun mərhələdə KTMT-nin "Sarsılmaz Qardaşlıq” sülhməramlı qüvvələrilə birgə təlimlərin Qırğızıstan ərazisində keçirilməsi nəzərdə tutulur. Bu təlimlər zamanı münaqişələrdən sonrakı vəziyyət, böhran zonasında nizamlanma və hərbi əməliyyatların aparılması tapşırıqları, sülhün və təhlükəsizliyin qorunması maraqları naminə KTMT-nin kollektiv təhlükəsizlik sisteminin qüvvə və vasitələrindən istifadə etməklə sülhməramlı əməliyyat yerinə yetirilir”, deyə Sidorov mətbuat konfransında bildirib. 

O, həmçinin qeyd edib ki, Belarus ərazisində KTMT kollektiv qüvvələrinin müharibələrinin müxtəlif komponentlərinin hazırlığını birləşdirən birgə və xüsusi təlimlərin keçirilməsi planlaşdırılır. 

İndi Belarusda keçiriləcək KTMT təlimlərinə Rusiya-Belarus birgə qruplaşmasının cəlb edilməsi məsələsi müzakirə olunur. Bu yerdəyişmə əslində gözlənilən idi. Çünki İrəvan son illər Rusiya və KTMT-nin Azərbaycanla bağlı məsələdə fəaliyyətindən, tutduğu mövqeyindən narazı qaldığını dəfələrlə ifadə edib. Paşinyan özü bir neçə dəfə bəyan edib ki, KTMT öz funksiyasını yerinə yetirə bilmir. Əslində, İrəvanın KTMT-yə qarşı bu cür mövqe sərgiləyəcəyi də gözlənilən idi. Bu da Paşinyan hakimiyyətinin Qərbpərəst mövqe sərgiləməsilə bağlıdır. Məhz, Qərbin dəstəyi nəticəsində Paşinyan hər fürsətdən istifadə edərək, çalışır ki, KTMT və Rusiya ilə məsafə saxlasın. Digər tərəfdən, ola bilsin ki, Paşinyan Rusiya ilə Qərb arasında münasibətlərin kritik həddə olduğu bir məqamda həmin təlimlərin ölkəsində baş tutması ilə Qərbin dəstəyindən məhrum olacağı, hətta onun sanksiyalarına məruz qalacağından qorxduğundan da bu addıma gedib. Lakin başlıca səbəb İrəvanın KTMT-dən incik düşməsilə bağlıdır. Ona görə də İrəvan birmənalı şəkildə belə bir təlimin ölkəsində keçirilməsini məqsədəuyğun hesab etməyərək, sözügedən demarşı edib. Ehtimal etmək olar ki, Paşinyanın bu demarşı ona baha başa gələcək. Çünki Rusiya ona qarşı yönələn belə hərəkətləri heç zaman bağışlamır. 

Rüfət Sultan