Dünya 12:56 03.12.2023

Pentaqon: "Fələstinlilər HƏMAS tərəfə keçsə, İsrailin taktiki qələbəsi strateji məğlubiyyətə çeviriləcək"

ABŞ müdafiə naziri Lloyd Ostin bildirib ki, ölkəsi Rusiyanın Ukraynada qələbə qazanmasına imkan verməyəcək. 

Qaynarinfo xəbər verir ki, Pentaqon rəhbəri Kaliforniyada keçirilən Reyqan Milli Müdafiə Forumundakı çıxışında Ukraynadakı münaqişə ilə İsraildəki müharibəni əlaqələndirib.

"HƏMAS və Putinin qalib gəlməsinə imkan verməyəcəyik. Biz həmçinin düşmənlərimizin bizi parçalamasına və ya zəiflətməsinə razı olmayacağıq", deyə Ostin bildirib.

Ostin hesab edir ki, Fələstin sakinləri HƏMAS qruplaşmasının tərəfinə keçsələr, İsrailin Qəzza zolağında taktiki qələbəsi strateji məğlubiyyətlə nəticələnə bilər. 

ABŞ müdafiə naziri İraq müharibəsi zamanı şəhər döyüşləri təcrübəsindən danışıb. O qeyd edib ki, bu işdə qələbə yalnız mülki əhalinin müdafiəsi ilə mümkündür:

"Görürsən, belə bir döyüşdə "ağırlıq mərkəzi" mülki əhalidir. Əgər siz insanları düşmənin qucağına itələsəz, taktiki qələbəni strateji məğlubiyyətə çevirəcəksiniz".

Pentaqon rəhbərinin sözlərinə görə, o, dəfələrlə İsrail rəhbərliyi ilə danışıb və onu Qəzzada itkilərin qarşısını almağa, eləcə də İordan çayının qərb sahilində fələstinlilərə qarşı zorakılığın qarşısını almağa çağırmaqda davam edir.

Aydın