Ölkə 13:57 19.04.2023

Pərviz Abbasovun cəzası iki il yarım azaldıldı

"Yeni Klinika” Publik Hüquqi Şəxsin keçmiş direktoru Pərviz Abbasov və onunla birgə məhkum edilmiş şəxslərlə bağlı qərardan verilmiş kassasiya şikayətinə baxılıb.

Qaynarinfo APA-ya istinadla xəbər verir ki, Ali Məhkəmədə hakim Əziz Seyidovun sədrliyi ilə keçirilən iclasda Bakı Apellyasiya Məhkəməsinin qərarı dəyişdirilib.

Məhkəmə məhkum şəxslərə münasibətdə Cinayət Məcəlləsinin 62-ci (sanksiya həddindən aşağı cəza təyin etmə) maddəsini tətbiq edib.

Qərara əsasən Pərviz Abbasovun cəzası 3 ilə, Qalib Nəcəfov, Əvəz Hüseynov, Samir Mirzəyevin cəzası isə 2 il 6 aya endirilib.

Bu qərarın nəticəsinə əsasən Pərviz Abbasovun 1 il, digər məhkumların 6 ay çəkilməmiş həbs müddəti qalıb.

Xatırladaq ki, Pərviz Abbasov - "Buta” Klinikasında həkim-radioloq işləmiş Qalib Nəcəfov, Qida Təhlükəsizliyi İnstitutunun baytar həkimi Əvəz Hüseynov, işsiz olan Samir Mirzəyev və "Viola” MMC-nin meneceri Vüsalə Əliyeva 2021-ci ilin aprel ayında Baş Prokuror Yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs olunublar.

Onlar əlbir olaraq koronavirusa yoluxmuş xəstələrin klinikada müalicə alması müqabilində külli miqdarda rüşvət almaqda ittiham olunublar.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Pərviz Abbasov 8 il 6 ay, Qalib Nəcəfov, Əvəz Hüseynov, Samir Mirzəyev 8 il azadlıqdan məhrum edilib.

"Viola” MMC-nin meneceri Vüsalə Əliyevaya isə iki il sınaq müddəti seçilməklə şərti cəza təyin olunub.

Sonradan Bakı Apellyasiya Məhkəməsi Pərviz Abbasovun cəzasını 5 il 6 aya, Qalib Nəcəfov, Əvəz Hüseynov, Samir Mirzəyevin cəzasını 5 ilə endirib.