Ölkə 18:52 18.05.2023

"Polad Bülbüloğlu və Əbülfəs Qarayev daha çox rus mədəniyyətinə yaxın idilər" - Vəkil

"25 ildir Mehriban Ələkbərzadənin fəaliyyətini izləyirəm və hesab edirəm ki, onun Akademik Milli Dram Teatra bədii rəhbər təyin edilməsi uğurlu təyinatdır". 

Bunu Qaynarinfo-ya hüquqşünas Aslan İsmayılov bildirib. Onun sözlərinə görə, Mehriban Ələkbərzadənin bədii rəhbəri təyin edilməsi Akademik Milli Dram Teatrda müsbətə doğru çox şeyi dəyişəcək: 

"Mehriban Ələkbərzadə bəlkə də yeganə jurnalistdir ki, cəmiyyəti narahat edən problemlərə diqqət çəkir. Onun çəkdiyi sənədli filmlərə baxdıqda bunun şahidi olursan. Şəxsən özümün də iştirakçısı olduğum bir neçə film çəkib ki, bunlar cəmiyyəti dərindən narahat edən problemlər bağlı olub. Həmin filmlərdə narkotika, qadın məhkumlar, ölüm hökümləri ilə bağlı qaranqlı məqamlara aydınlıq gətirlib, çıxış yolları göstərilib və s. Son dövrlər çəkilən 10 yaxşı filmin bəlkə əksəriyyətini Mehriban Ələkbərzadə çəkib. Bu baxımdan onun Akademik Milli Dram Teatra bədii rəhbər təyin edilməsini alqışlayıram və Mehriban xanımı təbrik edirəm”.

Aslan İsmayılov bu təyinatın Mədəniyyət Nazirliyi rəhbərliyinin dəyişməsindən sonra baş verdiyinə diqqət çəkib. Hüquqşünas hesab edir ki, yeni nazirin uğurlu təyinatları nəhayət, mədəniyyət sahəsində ciddi dəyişikliklərin olacağına ümidləri artırıb:

"Mədəniyyət sahəsi mənim üçün bəlkə də ən strateji sahədir. Çoxları deyir ki, xalqın gələcəyi uğurlu iqtisadiyyatdan, nə bilim müstəqil  məhkəmələrdən asılıdır. Amma mən hesab edirəm ki, Azərbaycan xalqının gələcəyi təhsildən və mədəniyyətdən asılıdır. Yalnız savadlı və mədəni xalq özünə müstəqil dövlət, azad rəqabətli iqtisadiyyat, plüralist siyasi sistem qura bilər. Yeni mədəniyyət naziri Adil Kərimlini hüquq sahəsindən tanıyıram. Çox uğurlu vəkil olub. Eyni zamanda milli adamdır. Əvvəlki nazirlər, xüsusilə Polad Bülbüloğlu və Əbülfəs Qarayev daha çox rus mədəniyyətinə yaxın idilər. Bəlkə də bu o zaman Rusiyanın bölgədəki hegemonluğu ilə əlaqədar olub. Amma Adil Kərimli milli, Azərbaycan mədəniyyətinə sahib çıxacaq şəxsdir. Onun təyinatları da bunu göstərir”.

Hüquqşünas daha sonra bildirib ki, uzun illər Mədəniyyət Nazirliyi bir neçə qurupu əlində olub: 

"Adil Kərimlinin sələfi Anar Kərimov da uğurlu kadr idi. Amma imkan vermədilər işləməyə. Çünki bu sahədə 30-35 il vəzifədə olanlar, mövqe sahibi olanlar var. Mədəniyyət Nazirliyi sanki bu adamların orbitində fırlanır. Onlar hər şeyi edir, hər addım atırlar, bircə elmi-mədəni inkişafa yönəlik addımlardan başqa. Baxırsan, rəssamlıqda, heykəltəraşlıqda, simfonik orkestrdə 30-35 il mövqe tutan adamlar var. Bu müddət ərzində nə qədər istedadlı adamlar yetişib bu sahələrdə. Amma həmin şəxslərin əlindən önə çıxa bilməyiblər. Ümidvaram ki, Adil Kərimlinin nazir olduğu müddətdə bu hallar aradan qaldırılacaq”. 

Seyid