İdman 19:22 01.05.2023

Premyer Liqa: "Qəbələ" autsayder üzərində qələbə qazandı

Azərbaycan Premyer Liqasında XXXII turun daha bir oyunu keçirilib.

Qaynarinfo-nun məlumatına görə, 4 gün öncə ölkə kubokunun yarımfinal mərhələsinin cavab matçında üz-üzə gələn "Qəbələ" və "Səbail" komandalar bu dəfə çempionat görüşündə qarşılaşıblar. "Qırmızı-qaralar" doğma meydanda rəqibinə 4:2 hesabı ilə qalib gəlib.

Matçda ilk qolu meydan sahibləri vurublar. 32-ci dəqiqədə Ramon Maçado komandasını önə çıxarıb. 37-ci dəqiqədə "Qəbələ" yenidən rəqibini meydanın mərkəzinə dəvət edib. Bu dəfə Petro Stasyuk avtoqol müəllifi olub. 49-cu dəqiqədə Əyyub Allaş 3-cü topu "dənizçilər"in qapısından keçirib. 69-cu dəqiqədə "Səbail"in yarımmüdafiəçisi Ruslan Hacıyev buraxılan qollardan birinin əvəzini çıxıb. Mirabdulla Abbasov 84-cü dəqiqədə fərqi minimuma endirib. Görüşdə son nöqtəni isə 90+4-cü dəqiqədə Maçado qoyub.

Bu qələbə ilə xallarını 48-ə çatdıran "Qəbələ" 4-cü pillədəki mövqeyini gücləndirib. 22 xalı olan "Səbail" isə sonuncu - 10-cu sırada qalıb.

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Sumqayıt" Qəbələdə "Kəpəz"ə, "Sabah" isə evdə "Şamaxı"ya 1:0 hesabı ilə qalib gəlib. Tura mayın 2-də keçiriləcək "Neftçi” – "Qarabağ” oyunu ilə yekun vurulacaq.