İdman 18:25 15.04.2023

Premyer Liqa: Qərb derbisində "Kəpəz" sevindi

Azərbaycan Premyer Liqasında XXX tur davam edir.

Qaynarinfo-nun məlumatına görə, bu gün turun bir oyunu keçilib.

Günün yeganə matçında bölgə təmsilçiləri "Kəpəz”lə "Turan Tovuz” üz-üzə gəliblər. Gəncə şəhər stadionunun ot örtüyü yararsız vəziyyətdə olduğu üçün rəqibini Qəbələdə qəbul edən Tərlan Əhmədovun kollektivi erkən qolla hesabı açıb. Nigeriyalı hücumçu Abdullahi Şuaybu qapıçı ilə təkbətək dueldən qalib ayrılıb.

Bu azmış kimi, fasilə ərəfəsində tovuzlular meydanda azlıqda qalıblar. Gürcüstanlı yarımmüdafiəçi Piruzi Marakvelidze 38-ci dəqiqədə topa əllə müdaxilə edərək hücumun qarşısını kəsdiyi üçün birbaşa qırmızı vərəqə alıb.

Qalan dəqiqələrdə hər iki komandanın cəhdləri nəticə verməyib və "Kəpəz” Qərb derbisində rəqibini 1:0 hesabı ilə məğlub edib.

Qalibiyyət sayəsində turnir cədvəlinin yeddinci pilləsində qərarlaşan "Kəpəz” xallarının sayını 28-ə çatdırıb. Altıncı sıradakı "Turan Tovuz” gəncəliləri cəmi 1 xal qabaqlayır.

Qeyd edək ki, turun ilk günündə "Zirə” "Səbail”ə evdə 3:1, "Qəbələ” "Neftçi”yə səfərdə 2:1 hesabı ilə qalib gəlib. Aprelin 16-da "Şamaxı” "Sumqayıt”ı, "Sabah” isə "Qarabağ”ı qəbul edəcək.