İdman 21:32 28.05.2023

Premyer Liqada 2022/23 mövsümü bitdi: "Qarabağ" son turda qələbə qazandı

Futbol üzrə Azərbaycan Premyer Liqasında 2022/2023 mövsümünə yekun vurulub.

Qaynarinfo xəbər verir ki, turun sonuncu matçında çempion "Qarabağ” "Turan Tovuz”u qəbul edib.

"Azersun Arena”dakı qarşılaşma "köhlən atlar”ın 3:1 hesablı qələbəsi ilə bitib. Meydan sahiblərinin heyətində 2-ci dəqiqədə Redon Cica, 47-ci dəqiqədə Leandro Andrade, 72-ci dəqiqədə isə Musa Qurbanlı fərqləniblər. Tovuz təmsilçisinin yeganə qoluna 61-ci dəqiqədə Runi Eva imza atıb.

Ağdam təmsilçisi mövsümü 90 xalla başa vurub. Tovuz klubu isə 39 xalla 6-cı yeri tutub.

Qarşılaşmadan sonra Premyer Liqanın medalçıları üçün mükafatlandırma mərasimi təşkil ediləcək.

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Zirə” səfərdə "Sumqayıt”ı üç cavabsız qolla üstələyib. "Qəbələ” "Kəpəz”lə heç-heç edib - 1:1. "Səbail” "Şamaxı”nı, "Neftçi” "Sabah”ı 1:0 hesabı ilə məğlubiyyətə uğradıb.
 
"Qarabağ”ın futbolçusu Ramil Şeydayev mövsümün bombardiri olub. 27 yaşlı hücumçu 22 qolla mövsümün ən məhsuldar oyunçusu olmağı bacarıb.

Son turda "Turan Tovuz”la görüşdə fərqlənən Ağdam klubunun digər forvardı Musa Qurbanlı 21 qolla cədvəldə ikinci olub.

"Sabah”ın ön xətt oyunçusu Coy Lens Mikels və "Neftçi”nin kapitanı Emin Mahmudov mövsümü hərəyə 17 qolla başa vurublar.