Siyasət 12:33 09.12.2023

"Prezidentin açıqlaması qlobal güclərin prosesə əngəl olma ehtimalının azaldığına işarədir" - Politoloq

"İlham Əliyevin bu açıqlaması qlobal güclərin artıq proseslərə əngəl olma ehtimalının azaldığına işarədir".
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri Azərbaycan Prezidenti İlham Əliyevin "Euronews” telekanalına müsahibəsindən sülh sazişinin imzalanmasına hər hansı bir ciddi maneə görmədiyi barədə səsləndirdiyi fikrini şərh edərkən deyib.

Politoloq bildirib ki, ABŞ dövlət katibinin köməkçisinin Azərbaycana səfərindən sonra belə bir açıqlamanın verilməsi tam yerindədir:

"Deməli, ən azından ikitərəfli qaydada görüşüb məsələləri razılaşdırmaq imkanı tanınır. Görünür, kimlərinsə prosesə mane olmayacağı ilə bağlı ümumi razılaşma da var. Çünki ona qədər əngəl törədəcək bəzi açıqlamalar, Qarabağ ermənilərinin geri qayıtması, rus sülhməramlıların çıxarılması, beynəlxalq hərbi missiyanın yerləşdirilməsi kimi təzyiq xarakteri daşıyan absurd fikirlər səsləndirilirdi. Ancaq artıq belə fikirlərin səsləndirilməyəcəyi ehtimalı daha yüksəkdir. Əngəl olan amillər aradan qalxırsa, əlbəttə ki, sülh imzalamaq imkanları da böyüyür”. 
 


Həmsöhbətimiz qeyd edib ki, ancaq bu tək Azərbaycanın deyil, Ermənistanın da istəyindən asılı olan məsələdir:

"Çünki sülh ikitərəfli məsələdir. Paris və yaxud Moskva İrəvanı hansısa dağıdıcı addımlara təhrik etməsə, Azərbaycanın təklifləri əsasında sülh imzalamağa razı olsalar, sülh üçün yeni imkanlar yaranacaq. Prezidentin açıqlamasında əsas vurğu etdiyi məsələ də bundan ibarətdir".

Ekspert düşünür ki, hər bir halda Prezident buna çağırış etdi:

"Ermənistan etimad ediləcək tərəf deyil. Ona görə də Prezident məntiq nöqteyi-nəzərdən deyib ki, əngəllər aradan qaldırılıb, imzalamaq istəyirlərsə, buyursunlar. İrəvan sülh müqaviləsini imzalamayacaqsa, bu artıq o deməkdir ki, Ermənistan sadəcə sözdə sülhpərvər görüntüsü yaradır. Əməldə isə məsələni zamana daşımaqla sülh sazişini imzalamaq istəmir. Bu da bəzi risk amillərini ortaya qoyur. Yəni istənilən zaman regionda müəyyən təxribatlar törədilə və hərbi əməliyyatlar başlaya bilər".

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev "Euronews” televiziyasına müsahibəsində sülh danışıqları məsələsinə toxunaraq aşağıdakı mühüm məqamı diqqətə çatdırıb: "Səmimi desək, mən hazırda məntiq nöqteyi-nəzərindən sülh sazişinin imzalanmasına hər hansı ciddi maneə görmürəm”. 

Rüfət Sultan