Siyasət 13:33 02.05.2023

Prezidentin səlahiyyətli nümayəndəsi və icra başçılarının vəzifələri nədir?

Milli Məclisin bu gün keçirilən iclasının gündəliyinə daxil edilən "Dövlət qulluğu haqqında” qanuna dəyişikliklə bağlı məsələ müzakirə olunub.

Qaynarinfo-nun məlumatına görə, Qüdrət Həsənquliyev deyib ki, Prezidentin səlahiyyətli nümayəndələrinin yerli icra hakimiyyəti başçılarına göstəriş verib-vermək səlahiyyətinə malik olub-olmadığı ona aydın deyil: 

"Konstitusiyanın 134-cü maddəsində qeyd olunub ki, icra hakimiyyətini yerlərdə yerli icra hakimiyyətinin başçıları həyata keçirirlər. Müvafiq icra hakimiyyəti orqanları ilə bu məsələ ilə bağlı müzakirə aparmalyıq".

Milli Məclis sədrinin birinci müavini, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli qeyd edib ki, Prezident Konstitusiyaya görə səlahiyyətli nümayəndəlliklər yarada bilər: 

"İcra hakimiyyəti orqanları əhali, səlahiyyətli nümayəndələr ərazi ilə məşğuldur. Heç kim də heç kimin səlahiyyətinə qarışmır".

Millət vəkili Erkin Qədirli də icra hakimiyyətlərinin vəzifə bölgüsünün Prezidentin səlahiyyətinə aid olduğundan, səlahiyyətli nümayəndə və icra başçılarının vəzifə bölgüsündə problem olmadığını vurğulayıb. 
 
Qafqaz Rafiqoğlu