Dünya 13:43 22.07.2023

Priqojin Belarusda şirkət açdı

"Vaqner"in rəhbəri Yevgeni Priqojin Belarusda şirkət açıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə "İnterfaks” məlumat yayıb.

Belarus Ədliyyə Nazirliyinin Hüquqi Şəxslərin və Fərdi Sahibkarların Vahid Dövlət Reyestrində iyulun 19-"da Concord Management and Consulting MMC" şirkəti UNP (vergi ödəyicisinin nömrəsi) 791314882 ilə qeydiyyata alınıb.

Şirkət Belarusun Osipoviç rayonundakı Tsel kəndində qeydiyyatdan keçib. "İnterfaks"ın məlumatına görə, burada Belarusa köçmüş "Vaqner" döyüşçülərinin səhra düşərgəsi yerləşir.

MMC-nin əsas fəaliyyəti daşınmaz əmlakın idarə edilməsidir.

İyunun 23-də axşam Yevgeni Priqojin bildirib ki, Rusiya Müdafiə Nazirliyinin qüvvələri onun şəxsi hərbi şirkətinin arxa düşərgələrinə hücum edib və onun döyüşçüləri "ədalət yürüşü” ilə Rusiyaya doğru irəliləyir. Müdafiə Nazirliyi onun ittihamlarını rədd edib, Baş Prokurorluq Priqojini silahlı üsyan təşkil etməkdə ittiham edib.

İyunun 24-də səhər saatlarında "Vaqner" qüvvələri Rostov-na-Donudakı inzibati binaları bağlayıb və Moskvaya doğru irəliləməyə başlayıb. Rusiya prezident Vladimir Putin onun hərəkətlərini "xəyanət" adlandırıb.

Axşam Belarus prezidenti Aleksandr Lukaşenko ilə Priqojin arasında aparılan danışıqlarda razılıq əldə edilib.

Aydın