Sağlamlıq 15:06 08.05.2023

Pulsuz səhiyyənin pullu tələləri: İcbari tibbi sığorta niyə işləmir?

"Rayondan Bakıya gələn xəstədən analiz nümunələri üçün 400 manatdan çox pul alınıb”.
 
Bu barədə Qaynarinfo-ya sözü gedən xəstənin yaxınları məlumat verib. Xəstənin yaxınlarının sözlərinə görə, onlar müayinə üçün Azərbaycan Tibb Universiteti Tədris Cərrahiyyə Klinikasına müraciət edib:
 
"Biz klinikaya göndərişsiz gəlmişdik. Bütün analizlərə 400 manata yaxın pul xərclədik. Klinikanın xidmətləri icbari tibbi sığortaya aiddirsə, bu boyda pulu bizdən niyə alıblar?” 

İcbari tibbi sığortadan Qaynarinfo-ya verilən məlumata görə, Tədris Cərrahiyyə Klinikasi İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin müqavilə bağladığı tibb müəssisələrinin siyahısına daxildir: "Vətəndaşlar sözügedən klinikada icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil olan tibbi xidmətdən yararlanmaq üçün TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrindən göndəriş vərəqəsi əldə etməlidir. Göndəriş vərəqəsi yalnız TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində tibbi xidmətin göstərilməsi mümkün olmadıqda özəl tibb müəssisələrindən birinə verilir. Pasiyent göndəriş olmadan Agentliyin müqavilə bağladığı özəl tibb müəssisəsinə birbaşa müraciət etdikdə (təcili tibbi yardım istisna olmaqla) tibbi xidməti öz vəsaiti hesabına qarşılamalıdır".

Bahar Rüstəmli