Dünya 11:04 26.04.2023

Putin fərman imzaladı: Rusiyanın xaricdəki aktivlərinə həbs qoyulmasına cavab veriləcək

Rusiya prezidenti Vladimir Putin xaricdə Rusiya mülkiyyətinə olan hüquqların müsadirə edilməsinə və ya məhdudlaşdırılmasına cavab olaraq "dost olmayan” ölkələrdən olan şəxslərin aktivlərinin müvəqqəti idarə edilməsinin tətbiqi haqqında fərman imzalayıb.

Qaynarinfo bu barədə Rusiya mediasına istinadla xəbər verir.

Müvafiq fərman bir sıra ölkələrin, o cümlədən ABŞ-ın Rusiya Federasiyasının, onun şirkətlərinin və vətəndaşlarının mülkiyyət hüquqlarından məhrum etməyə və ya məhdudlaşdırmağa yönəlmiş hərəkətlərinə cavab olaraq "təcili tədbirlərin görülməsi zərurəti” ilə bağlıdır.

Sənəddə qeyd olunur ki, bu cür hərəkətlər baş verərsə, Rusiyadakı "dost olmayan” ölkələrdən olan şəxslərin əmlakına və aktivlərinə münasibətdə müvəqqəti idarəetmə tətbiq ediləcək.

Əlavə edirik ki, həmin fərmanla artıq müvəqqəti idarəetmənin tətbiq olunduğu aktivlərin siyahısı təsdiq edilib. Hazırda ona Unipro və Fortum-da xarici səhmdarların payları ilə bağlı üç maddə daxildir.

Xatırladaq ki, daha əvvəl G7 ölkələrinin xarici işlər nazirləri G7 dövlətlərinin Ukraynadakı münaqişə bitənə qədər Rusiyanın aktivlərini blokda saxlayacağını bildirmişdilər.

Alpər