Dünya 13:02 27.03.2023

Putin İrəvanda həbs oluna bilərmi? (ŞƏRH)

"Güman etmirəm ki, Vladimir Putinin Ermənistana səfəri zamanı ermənilər Roma Statusu əsasında onu həbs edib, təhvil versinlər”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli Ermənistanın Konstitusiya Məhkəməsinin Rusiya prezidenti Vladimir Putinin beynəlxalq təqib planını təsdiqləməklə, Roma Statusunu tanıması məsələsinə münasibət bildirərkən deyib.
 
"Ermənistanın siyasəti qarmaqarışıqdır. Bu ölkə Qərbə doğru meyl etsə də, hələ də Rusiyadan tam şəkildə asılıdır. Amma İrəvanın bu addımı Ermənistanın Rusiyadan tamamilə uzaqlaşması yolunda atılan növbəti bir addımdır. İrəvan Moskva ilə hər hansı bir formada əlaqələri dayandırmağa çalışır. Həmin qərar da ona doğru addımlardan biri kimi qiymətləndirilə bilər. Ümumiyyətlə, mövcud şəraitdə Putinin həbsi mümkün görünmür. Nə qədər ki, hakimiyyətdədir, belə hadisə baş tutmayacaq. Zaman göstərir ki, belə hallarda şəxs yalnız vəzifədən getdikdən sonra onun həbsi mümkün olur. Ortada Yuqoslaviya varinatı var”, deyə sədr bildirib.



Həmsöhbətimiz Roma Statusunun nə olduğuna da aydınlıq gətirib:

"Roma Statusu Beynəlxalq Cinayət Məhkəməsinin təsis olunması haqqında əsasnamədir və 1999-cu ildə yaradılıb. Bu məhkəmə insanlıq və bəşəriyyətə qarşı törədilən cinayətlər əleyhinə tribunal rolunu oynayır. Nürnberq tribunalının daimi fəaliyyət göstərən bir forması kimi nəzərdən keçirilir. Onun əsasnaməsı Roma şəhərində imzalandığından Roma Statusu adlanır. Əksər ölkələr bu sənədi imzalayaraq, təsdiq edib. Hüquqi cəhətdən, Roma Statusunu təsdiq edən dövlətlər əsasnaməyə uyğun olaraq insanlıq əleyhinə cinayət törətmiş şəxslərin həbs orderini yerinə yetirməlidirlər. 

Qeyd edək ki, Ermənistan Konstitusiya Məhkəməsi Rusiya prezidenti Putinin beynəlxalq təqib planını təsdiqləyib. Ona əsasən Putin Ermənistana daxil olacağı təqdirdə  həbs olunacaq. 

Rüfət Sultan