Dünya 13:27 17.12.2022

Putin Lukaşenko ilə görüşə gedir: Belarus Ukraynaya hücum edəcək?

"Belarusun Ukrayna müharibəsinə qoşulma ehtimalı çox aşağıdır”.

Bunu Qaynarinfo-ya açıqlamasında konfliktoloq Üzeyir Şəfiyev dekabrın 19-da Rusiya prezidenti Vladimir Putinin Minskə olacaq səfəri fonunda Belarusun da Ukrayna müharibəsinə cəlb olunması ehtimalından danışarkən deyib. Ekspert bildirib ki, belə bir məqamda müharibəyə qoşulmaq Minsk üçün intihara bərabər hal ola bilər:

"Bu mümkünsüzdür. Çünki Minsk Rusiyanın kifayət qədər gücdən düşdüyünün fərqindədir. Rusiyanın aqoniya vəziyyətində olduğu bir dövrdə Belarusun da müharibəyə qoşulması Minsk üçün intihara bərabər hal ola bilər. Rusiyanın resursları və güc balansı tükənir. Belarusda ictimai rəyin təhlili də göstərir ki, ölkə rəhbərliyi belə iradəyə malik deyil. Minsk müharibəyə qoşulmayacaq".



Rusiyanın yenidən Belarus ərazisindən istifadə etməklə Ukraynaya zərbə endirməsi ehtimalına gəlincə, həmsöhbətimiz bunu da mümkünsüz hesab edir: 

"Bu Belarusun siyasi iradəsindən asılıdır. Ağlı başında olan dövlət başçısı inanmıram ki, buna razılıq versin. Çünki belə olan təqdirdə, Ukrayna Qərbdən aldığı müasir texnoloji silahlarla Belarus ərazisini də hədəfə alacaq. Bu səbəbdən Minskin Rusiya qoşunlarının müharibədə yenidən Belarus ərazisindən istifadə etməsinə imkan verəcəkləri inandırıcı görünmür. Belarus ərazisindən Ukraynaya real hərəkətlənmə olsa, bu, üçüncü dünya müharibəsinin başlanmasını real müstəviyə daşıya bilər”. 

Qeyd edək ki, dekabrın 19-da Rusiya prezidenti Vladimir Putin Belarusa səfər edərək, prezident Aleksandr Lukaşenko ilə görüşəcək. Bu ərəfədə Qərb analitikləri belə fikirlər səsləndirir ki, Rusiya yenidən Belarus ərazisindən istifadə edərək, Ukraynanın şimalında hərbi əməliyyatlara başlaya bilər. Hətta Belarus silahlı qüvvələrinin də prosesə cəlb edilə biləcyi ehtimal edilir. 

Rüfət Sultan