Dünya 19:14 28.04.2023

Putin seçkilərə qədər Ərdoğan və Əsədi barışdıra biləcəkmi? – Ekspert

"Tərəflər təhlükəsizlik sahəsində mövcud olan bəzi problemlərin həllinə nail olmayınca, 4 ölkə liderlərinin görüşü mümkün olmayacaq”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında QAFSAM sədrinin müavini Nazim Cəfərsoy Moskvada Türkiyə, Rusiya, İran və Suriya müdafiə və təhlükəsizlik rəhbərlərinin görüşünün ardınca həmin ölkələrin liderlərinin görüş ehtimalını şərh edərkən deyib:

"Dördlük formada görüşlər bir müddətdir ki, davam edir. Tərəflər arasında artıq 3 görüş olub. Kəşfiyyat rəhbərləri, müdafiə nazirləri və müxtəlif digər rəsmi qurumlar səviyyəsində bu istiqamətdə müxtəlif təmaslar olub. Həmin ölkələrin xarici işlər nazirlərinin də görüşəcəyi, ardınca da prezidentlərin təmaslarının olacağı gözlənilirdi. Son Moskva görüşündən əvvəl əslində xarici işlər nazirləri görüşməli idi. Lakin məsələ  yenidən müdafiə və kəşfiyyat nazirlərinin görüşü ilə nəticələndi. Bu da onu göstərir ki, tərəflər təhlükəsizlik sahəsində bəzi problemlərin həllinə nail ola bilməyiblər. Bu problemlər həll olunmadığından görüşlərin daha yüksək ranqlı siyasi müstəviyə daşınması alınmayıb. Məntiqlə dövlət başçılarının görüşü də xarici işlər nazirləri arasındakı görüşdən sonra baş tutmalıdır”.

Bununla belə, həmsöhbətimiz Türkiyə mətbuatında gedən yazılara istinadla mayın 14-nə qədər tərəflər arasında daha bir görüş ehtimalının aktual olaraq qaldığını düşünür:

"Amma onun həyata keçib-keçməyəcəyi bəlli deyil. Bu məsələdə Ankara maraqlıdır. Çünki seçki öncəsi Ərdoğan Suriya məsələsində müəyyən irəliləyiş əldə etmək istəyir. Əsəd isə  istəyir ki, Türkiyə ordusu Suriyanı tərk etsin. Hər iki tərəfin bir-birinə ehtiyacı var. Rusiya da növbəti görüşdə maraqlıdır. Çünki Ankara-Moskva münasibətlərində Suriya məsələsi əhəmiyyətli məqamlardandır. Moskva da çalışır ki, bu məsələdə müəyyən bir divident əldə edə bilsin. Eyni zamanda, təhlükəsizlik istiqamətində ciddi problemlər hələ də qalmaqdadır. Ona görə 4 tərəf arasında növbəti görüş ehtimalı mövcuddur. Ancaq görüşün nə vaxt gerçəkləşəcəyilə bağlı konkret məlumat yoxdur. Ehtimal edilir ki, Türkiyədəki seçkidən öncə daha bir görüş ola bilər”. 

Qeyd edək ki, Türkiyənin müdafiə naziri Hulusi Akar Moskvada baş tutan Türkiyə, Rusiya, Suriya və İran müdafiə nazirləri və kəşfiyyat idarələri rəhbərlərinin görüşünü şərh edərkən, danışıqların nəticəsi olaraq 4 ölkənin başçıları arasında görüşün də baş tuta biləcəyini bildirib. 

Rüfət Sultan