Dünya 18:30 02.06.2023

Putin Təhlükəsizlik Şurasına Rusiyadakı rejim üçün təhdidlər barədə xəbərdarlıq etdi

Rusiya prezidenti Vladimir Putin cümə günü, iyunun 2-də Təhlükəsizlik Şurasının həftəlik iclasını keçirib - bu, Moskvaya PUA hücumundan sonra ilk dəfə baş verib. 

Qaynarinfo xəbər verir ki, bu barədə "The Moscow Times” yazır.

Putin Təhlükəsizlik Şurasının 12 daimi üzvünə, o cümlədən bütün təhlükəsizlik orqanlarının (Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, FSB, Xarici Kəşfiyyat Xidməti) rəhbərlərinə, parlamentin hər iki palatasının rəhbərləri, həmçinin xarici işlər naziri Sergey Lavrov, keçmiş prezident Dmitri Medvedev və Şura katibi Nikolay Patruşevə müraciət edərək, "bizi istəməyənlər” "Rusiya Federasiyası daxilində vəziyyəti sarsıtmaq üçün səy göstərirlər” deyib. 

Putinin sözlərinə görə, son vaxtlar vəziyyəti qarışdırmağa yönələn səyləri intensivləşib və bununla əlaqədar Təhlükəsizlik Şurası "Rusiyanın təhlükəsizliyinin təmin edilməsi”, o cümlədən "daxili siyasi təhlükəsizlik” məsələləri ilə məşğul olmalıdır. 

"Biz hər şeyi etməliyik ki, onlara heç bir şəraitdə bunu etməyə imkan verməyək”, - deyən Putin, daha sonra sözü FSB rəhbəri Aleksandr Bortnikov və Daxili İşlər Nazirliyinin rəhbəri Vladimir Kolokoltsevə verib. "İnterfaks”ın məlumatına görə, hər ikisi Təhlükəsizlik Şurasının iclasında çıxış ediblər.

Nizami Bağırov