Dünya 19:15 13.01.2023

Putin və Zelenski Ərdoğanın təklifinə nə deyəcək? - Politoloq

"Ola bilsin ki, tərəflər atəşkəsə razı olmasalar da, humanitar dəhlizlə bağlı razılaşacaqlar”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Tural Rzayev Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Ukrayna lideri Volodimir Zelenski və Rusiya prezidenti Vladimir Putinlə danışıqlar aparacağı barədə yayılan məlumatı şərh edərkən deyib. Ekspert bildirib ki, Ankara vasitəçilik məsələsində yenidən aktivləşib:

"Türkiyə son günlər Ukrayna ilə Rusiya arasında vasitçilikdə yenidən aktivləşib. Ankara hər iki tərəfdən hərbi əməliyyatların dayandırılmasına çalışır. Buna Moskva ilkin razılıq versə də, Kiyevin razı olmaması fonunda Ərdoğan Rusiyaya təktərəfli atəşkəs elan etməyi təklif etmişdi. Ardınca Putinin Provaslav Kilsəsinin xahişilə Milad günü münasibətilə birtərəfli atəşkəs elan etməsi belə görüntü yaratdı ki, əslində qarşı tərəfin addımının nə olması ilə bağlı test edir. Amma bu atəşkəs də baş tutmadı. Buna baxmayaraq, Türkiyə həmin istiqamətdə addımlarını davam etdirir. Bölgə ciddi faciə ilə üz-üzədir. Artıq hər iki tərəf yorulub. Hər iki tərəfin itkiləri həddən artıq böyükdür. Mülki əhali çətin problemlərlə üzləşir. Cəbhə xəttində tərəflərdən heç biri indiki halda ciddi üstünlük əldə edə bilmir. Sanki müharibə donub”. 

Politoloq deyir ki, belə olan halda, Ankara atəşkəsə imza atmaqla sülh yolu ilə məsələni inkişaf etdirməyin mümkün olduğunu düşünür: 
"Düşünürəm ki, humanitar koridorun açılması istiqamətindəki səylər də bunun növbəti ifadəsidir. Bundan əvvəl, humanitar koridor mühasirədə olan şəhərlərə şamil edilmişdi. İndiki halda humanitar dəhlizdən yaraların çıxarılması, meyitlərin götürülməsi, mülki əhalinin rahat şəkildə cəbhə zonasından, müasirədə olan şəhərlərdən digər ərazilərə köçürülməsi, ailələrin bir-birinə qovuşması üçün istifadə oluna bilər. Bu istiqamətdə Türkiyə, Rusiya və Ukrayna ombudsmanları aktiv iştirak edir. Ola bilsin ki, tərəflər atəşkəsə razı olmasalar da, humanitar koridora razı olacaqlar”. 

Bundan əvvəl Türkiyənin Baş Ombudsmanı Şeref Malkoç məlumat verib ki, Ərdoğan Zelenski və Putinlə danışıqlar aparacaq. Malkoçin sözlərinə görə, danışıq zamanı Ərdoğan Rusiya və Ukrayna arasında humanitar dəhliz yaradılması məsələsini müzakirə edəcək. 

Rüfət Sultan