Dünya 18:55 15.05.2023

Putin yüksək rütbəli məmurlara vəzifədən getməyi yasaqladı

Ukraynadakı müharibə zamanı Rusiya rəsmilərinə cinayət işlərinin başlanması təhlükəsi ilə vəzifələrindən çıxmaq qadağan edilib.

Qaynarinfo xəbər verir ki, bu barədə məlumatlı mənbələr "Vajnıye istorii” nəşrinə məlumat veriblər.

Prezident administrasiyasına yaxın mənbə bildirib ki, bir çox yüksək rütbəli məmurlar vəzifədən getmək istəyini bildirdikdən sonra Kreml buna qeyri-rəsmi qadağa qoyub. Mənbə hakimiyyətin məntiqini belə izah edib: "Hamı getsə, nəzarət itər”.

Onun sözlərinə görə, Kreml dövlət qulluqçularının qarşısına "birlik nümayiş etdirmək” vəzifəsi qoyub və işdən çıxmaq istəyini xəyanət kimi dəyərləndirməyə başlayıb.

"Mən qubernatorların öz postlarını tərk etməyə cəhd etdiyi ən azı iki hadisədən xəbərdaram, lakin prezident aparatının daxili siyasət idarəsi onlara nəinki qadağa qoydu, cinayət işlərinə eyham vurdu”, - keçmiş FSB zabiti bildirib. 

Mənbələr bildirirlər ki, qadağa qeyri-rəsmi və mahiyyət etibarilə qeyri-qanuni olduğundan, istisnalar ola bilər. Belə ki, məsələn, onlar səhhətinə görə və ya korrupsiyaya görə vəzifədən kənarlaşdırıla bilərlər. "İndi sakitcə getmək imkanı üçün çoxları yaxşı pul ödəməyə hazırdırlar" deyə mənbə izah edir. 

Rusiya prezidenti Vladimir Putinin elan etdiyi səfərbərliyə görə xüsusi xidmət orqanlarının zabitlərinə də xidməti tərk etmək qadağan edilib.
 
Bundan əvvəl Kreml yüksək vəzifəli məmurların, parlamentarilərin, qubernatorların və dövlət şirkətlərinin top-menecerlərinin xaricə səyahətinə ciddi məhdudiyyətlər qoyub. "The Moscow Times”ın mənbələrinə görə, prezident administrasiyası "məmurların fərariliyinin” qarşısını məhz belə almağa və xarici kəşfiyyat xidmətlərinin işinə müdaxilə etməyə çalışır.

"Heç kim xüsusi icazə olmadan heç yerə gedə bilməz", - deyə yüksək rütbəli hökumət rəsmisi bildirib. FSB əməkdaşları bəzi məmurların xarici pasportlarını əlindən alıblar. Məxfi xidmət ölkəni tərk etmək üçün ayrıca icazə almalı olanların siyahısını tutub. 

"Davam edən münaqişəyə baxmayaraq, bəzən Putin özü bütün bu siyahıları nəzərdən keçirməli və kimin xaricə hansı məqsədlə getdiyini anlamalı olur”, - Kreml rəsmisi və prezidentin çoxdankı tanışı deyib.

Məmurların özləri də "əsəbi”dirlər, çünki yeni qaydaların konkret olaraq kimə şamil olunduğunu anlamırlar. Eyni zamanda, mənbələr bu ildən məmurların xaricə səyahətinə tam qadağanın tətbiq oluna biləcəyini iddia ediblər.

Nizami Bağırov