Siyasət 14:15 17.03.2023

Putinin İlham Əliyevə telefon zəngi: Hansı məsələlər müzakirə olunub? (ŞƏRH)

"Vladimir Putinin telefon zəngində əsas müzakirə mövzusu TDT sammitindəki görüşlərlə bağlı olub”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Turan Rzayev Rusiya Prezidenti Vladimir Putinin Azərbaycan Prezidenti İlham Əliyevlə olan telefon danışığını şərh edərkən deyib:
 
"Telefon danışığında müzakirə edilən məsələlərlə bağlı rəsmi açıqlamalarda verilən məlumatlarla yanaşı, bilirik ki, həmin zəngin pərdəarxası məqamları da var. Nəzərə alaq ki, Türk Dövlətləri Təşkilatının Ankara sammiti yeni yekunlaşıb. Məhz, bu sammit sonrası Putinin dərhal Azərbaycan Prezidentinə zəng etdiyini gördük. Aydın məsələdir ki, Putin türk dövlətlərinin bu istiqamətdə fikirlərini bilmək istəyir. Fikrimcə, telefon danışığında Putin sözügedən sammitin yekunlarına dair məsələlərin detallarını müzakirə edib. Faktiki olaraq TDT Rusiya üçün təhdid  olmasa da, Kreml Qərb və Çinin də həmin təşkilata marağını nəzərə alaraq, özünün də prosesdə yer almasına çalışır. Azərbaycan Prezidentinin TDT sammitindəki çıxışı kifayət qədər diqqət çəkib. Həmin çıxışda dünyadakı yeni reallıqlarla bağlı bir çox məsələlər öz əksini tapıb”. 

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin və Azərbaycan Prezidenti İlham Əliyevlə telefonla danışıb. Bu barədə məlumat verən Kremlin mətbuat xidməti bildirir ki, danışıqlarda Cənubi Qafqazda təhlükəsizliyin təmin edilməsinə dair tədbirləri müzakirə ediblər. Həmçinin regionda nəqliyyat, logistika və iqtisadi əlaqələrin inkişafına dair fikir mübadiləsi aparılıb. 

Rüfət Sultan