Ölkə 14:14 30.09.2022

Qalib xalq ruhunun sarsıdılmasının qarşısını almalıyıq - Sevinc Fədai

Neçə gündür, şəhid Səbuhi Əhmədovun adı ətrafında gedən müzakirələr bizi bir vətəndaş olaraq narahat edir. Ölkədəki sosial-iqtisadi problemlərin, çətinliklərin fonunda cəbhə xəttində yaşananlar, davamlı gələn şəhid xəbərləri, üstəlik Şəhid adının mal-mülk, pul-para söhbətlərinin içində hallanması psixoloji gərginliyi daha da artırır. Ən əsası isə toplumun hələ də formalaşmaqda olan dəyərlər sistemini kökündən zədələyir.  

Dövlət və cəmiyyət olaraq anlayırıq ki, Şəhid statusunun aliliyinin qorunması, bütün məqamlardan uca tutulması bizi xalq olaraq güclü, inamlı, qətiyyətli qılan amildir. 44 günlük Vətən müharibəsi xalq və toplum olaraq, bizi daha bütöv və möhkəm etdi, natamamlıq komplekslərimizi aşmağımıza ciddi şəkildə təsir etdi. 

Görünür, müəyyən qüvvələr də bunun fərqindədir və qalib və məğrur xalq ruhu onları narahat edir. Bu ruhu, coşqunu və gücü sarsıtmaq siyasəti aparılır. Məmur özbaşınalığı və laqeydliyi ilə qazilərin intihar həddinə çatdırılması, kimsəsiz böyüyən, ancaq Şəhidlik zirvəsinə ucalan Səbuhinin belə adının hər hansı məişət mövzuları ilə qoşa çəkilməsi də bu siyasətin bir parçasına bənzəyir. 

Şəhid ailələri həssas təbəqədir, Səbuhinin qardaşı hələ gəncdir. O, özü belə qardaşının adı ətrafında dönən oyunların nələrə bais olduğunun fərqində olmaya bilər, yanlış da edə bilər. Ancaq dövlət və cəmiyyət olaraq, bizim öhdəmizə düşən Şəhidimizi qorumaq, dəyərlərimizə vurulan zərbələrin qarşısını almaq, bu millətin ideoloji olaraq sağlam yetişməsinə çalışmaqdır. 

Başa düşməliyik, burada əsas məsələ ev deyil, sosial təminat deyil. Burada məsələ dövlət ola bilməkdir, dəyərlərə sahib çıxa bilməkdir. İdeologiyamız və dəyərlərimiz sarsıdılarsa, qalib xalq ruhundan əsər-əlamət qalmaz. O ruh ki, onun üçün minlərlə qəhrəman oğul canından keçib və biz bir vətəndaş kimi onlara borcumuzu bir an belə unutmamalıyıq.  

Sevinc Fədai
Azərbaycan Yüksəliş Partiyası Başqanının Humanitar, ailə və uşaq məsələləri üzrə müavini