Siyasət 11:49 27.05.2023

"Qarabağ klanı"nın planı: Paşinyanı öldürmək istəyirlər?

"Erməni müxalifəti Paşinyana sui-qəsd hazırlayır”.

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Əlimusa İbrahimov Ermənistanın ilk xarici işlər naziri Raffi Avannisyanın baş nazir Nikol Paşinyanı devirmək üçün xalqı küçə mübarizəsinə səsləməsinə münasibət bildirərkən deyib.

Ekspertin fikrincə, "Qarabağ klanı" kimi, Rusiyameylli qüvvələr də Paşinyanın devirilməsində maraqlıdır:



"Ermənistanda müəyyən qruplar Paşinyana qarşı kəskin mövqe sərgiləyir. Bu qruplar 2020-ci ildən bəri bir neçə dəfə Paşinyanı devirməyə  cəhd edib. Baş nazir əleyhinə mitinq və nümayişlər keçiriblər. Lakin bununla heç nəyə nail ola bilməyiblər. 

Hazırda Azərbaycanla Ermənistan sülh müqaviləsinin imzalanması ərəfəsindədir. Paşinyan bu fonda Qarabağ daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Belə vəziyyətdə "Qarabağ klanı” Ermənistanın əllərindən tamamilə çıxacağından və anoloji olaraq klan sahiblərinin özlərinin də siyasi səhnədən birdəfəlik uzaqlaşdırılacaqlarından ehtiyatlanırlar. Son proseslər göstərir ki, "Qarabağ klanı” Paşinyanı devirməkdə israrlıdır. Rusiyameylli qüvvələr də prosesin bu cür getməsində maraqlıdır. Sözügedən qüvvələr birləşib Paşinyana qarşı müharibə elan ediblər”. 

Ancaq həmsöhbətimizə görə, erməni xalqı həmin qüvvələrə ciddi dəstək verməyəcək:

"Xalq onları eşitsəydi, həmin qüvvələr çoxdan Paşinyanı devirərdi. Ona görə də indiki halda Paşinyanı devirməyin yolu küçə mübarizəsindən keçmir”. 

Ekspert düşünür ki, yaranmış vəziyyətdə müxalifət Paşinyana qarşı son variant olan sui-qəsd yolunu seçəcək:

"Ermənistan cəmiyyətində hər şey mümkündür”. 

Qeyd edək ki, Ermənistanın ilk xarici işlər naziri Raffi Avannisyan Paşinyan hakimiyyətini ölkə qarşısında duran məsələlərin öhdəsindən gələ bilməməkdə ittiham edib. Onun fikrincə, Ermənistan bu gün dövlətçiliyini itirmək təhlükəsilə üz-üzədir. Paşinyan hakimiyyəti mövcud problemlərin öhdəsindən gəlmək gücündə deyil. Bu fonda da o, xalqı küçə mübarizəsinə səsləyib. Ovannisyanın fikrincə, baş nazir daxildə legitimliyini itirib və onun bundan sonrakı fəaliyyəti ölkəyə ancaq yeni itkilər və uğursuzluqlar gətirir. 

Rüfət Sultan