Ölkə 16:22 28.11.2023

"Qarabağ Universitetinin yaradılması çox böyük hadisədir" - Təhsil eksperti

"Qarabağda ayrıca bir dövlət universitetinin yaradılması və onun Qarabağ Universiteti adlandırılması çox böyük hadisədir".
 
Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov Xankəndi şəhərində Qarabağ Universitetinin yaradılması ilə bağlı Prezidentin sərəncamını şərh edərkən deyib. 

Kamran Əsədov bildirib ki, təhsil dövlətçilik siyasətinin əsas vuran qolu, təməl nöqtələrindən biridir. Ona görə də bu universitetin yaradılmasının bir neçə rakursdan faydaları var:

"Birincisi, dövlətçiliyə dəstək, ikincisi, azad olunmuş Qarabağ adının təhsil seqmentində də var olduğunu göstərmək, üçüncüsü isə tədrisin keyfiyyəti ilə bağlı məsələlərdir".

Onun sözlərinə görə, Qarabağ Universiteti Azərbaycanın xüsusi təhsil göstəricilərinə malik olan ən böyük ali təhsil müəssisəsi olacaq:
 


"Həmin universitetdə dövrün əsas ixtisaslarından olan İT istiqaməti, mühəndislik, digər kriteriyalar da tədris olunacaq. İşğaldan azad edilmiş ərazilərin quruculuğunda təhsil müəssisələrinin tikintisi, bərpası və tədrisin təşkili vacib amildir. Çünki təhsil insanların həmən ərazilərdə sürətlə məskunlaşmasına kömək edəcək, bundan əlavə orda xidməti vəzifələrinini yerinə yetirən əməkdaşların övladlarının təhsil almaq şəraitinin yaxşılaşdırılması üçün bu vacibdir. Hər kəsə məlumdur ki, ölkə başçısı İlham Əliyevin hazırda qarşıda dayanan ən mühüm vəzifələrdən biri işğaldan azad olunmuş ərazilərimizin bərpasıdır. Hesab edirəm ki, bu prosesdə Azərbaycan təhsili də fəal iştirak etməlidir. İşğaldan azad edilmiş ərazilərdə xidmət keçən şəxslərin məktəbyaşlı övladlarının təhsil hüququnun təmin edilməsi, onlar üçün təhsilin əlçatananlığının təmin edilməsi zəruridir. Buna görə işğaldan azad edilmiş ərazilərdə təhsilin inkişafı ilə bağlı tədbirlər xüsusi əhəmiyyət kəsb edir”. 

Kamran Əsədov gələcəkdə mütləq şəkildə Qarabağ Dövlət Universiteti, Şuşa Dövlət Universiteti yaradılmasının vacibliyini vurğulayıb:

"Hətta Azərbaycanın Ermənistanla sərhəd olan ərazilərində Laçında, Qubadlıda belə Müəllimlər İnstitutunun, İqtisad Universitetinin filiallarını açmalıyıq. Təhsil müəssisələri əhalinin məskunlaşmasına, işlə təmin edilməsinə, eyni zamanda həmin ərazilərin iqtisadi inkişafına təsir edir. Ermənilər bu istiqamətdə addım atmışdılar. Məsələn, biz Şuşada universitet açmamışdıq, amma ermənilər işğaldan sonra orada iki universitet açmışdılar. Bunlar Şuşa Texniki Universiteti, İrəvan Kənd Təsərrüfatı Universitetinin Şuşa filialı idi. Beləliklə, biz də həmin ərazidə mütləq şəkildə hərbi məktəb, ikincisi Şuşa şəhərində yerləşəcək Dağlıq Qarabağın bütün ərazisində təhsil alacaq şəxslərin ödənişsiz təhsilini həyata keçirmək üçün Qarabağ Dövlət Universiteti, Şuşa Dövlət Universiteti açmalıyıq. Həmçinin ən əsası hərbi kadrların hazırlandığı təhsil müəssisəsi, regionun kənd təsərrüfatını nəzərə alaraq orada mütləq şəkildə kənd təsərrüfatı kadrlarını hazırlayan universitet açılmalıdır. Xankəndində fəaliyyətə başlayacaq Qarabağ Universiteti təhsilin brendi olacaqdır. Mən əminəm ki, "Qarabağ" güclü bir universitet brendi olacaq”. 
 
Bahar Rüstəmli