"Qarabağda beynəlxalq müşahidə missiyasının yaradılması prinsipcə mümkündür. Lakin çox şey Azərbaycan hökumətinin mövqeyindən, həmin məsələyə baxışından və Vaşinqtonun Ermənistanda öz mövcudluğunu hansı formada genişləndirəcəyindən asılı olacaq".
Bunu Qaynarinfo-ya açıqlamasında bunu siyasi şərhçi Arif Əliyev ABŞ Dövlət Departamentinin Qarabağda beynəlxalq müşahidə missiyasının yaradılması təklifinə münasibət bildirərkən deyib.
"ABŞ-ın bu istəyini başa düşmək olur. Vaşinqton hazırkı şəraitdə həm Ermənistan, həm də Azərbaycanda öz mövcudluğunu möhkəmləndirmək istəyir. Çünki söhbət Rusiyanın bütövlüklə mövqeyinin zəifləməsi və tədricən regiondan çıxmasından gedir. Nəzərə alaq ki, Ermənistan hazırda kəskin surətdə dönüb və Qarabağda baş verən son proseslər rus sülhməramlı qüvvələrinin oradakı rolunu xeyli dərəcədə sual altına alır. Hər şey hadisələrin necə davam edəcəyindən və Qarabağda əhəmiyyətli sayda erməni əhalisinin qalmasından asılı olacaq. Onlar qalmayacaqlarsa, bu halda belə bir beynəlxalq müşahidə missiyasının olmasının da əhəmiyyəti olmayacaq”, deyə Arif Əliyev bildirib.
Həmsöhbətimiz qeyd edir ki, Azərbaycanın mövqeyi güclənsə də, hələlik müxtəlif güc mərkəzlərinin bölgəyə təsirindən birdəfəlik yayına bilməyib:
"Azərbaycanın hazırkı mövqeyi kifayət qədər güclüdür. Eyni zamanda, bu o demək deyil ki, Azərbaycan müxtəlif qüvvələrin bölgəyə təsirindən birdəfəlik yayınıb. Bu hələ ki, belə deyil. Seçim etmək, tarazlaşdırmaq, bəzən onların təsirini azaltmaq hələ uzun müddət Azərbaycan xarici siyasətinin əsas istiqamətlərindən biri olacaq. Bu səbəbdən ola bilsin ki, Rusiyanın hər hansı bir formada orada saxlanılması prosesə hələ təsir etsin”.
Digər tərəfdən, ekspertə görə, ABŞ-ın sözügedən təklifində hələlik formadan danışılır, mahiyyətdən isə söhbət açılmır:
"Məsələn, sülhməramlı qüvvələrin Qarabağda yerləşdirilməsi forma idi. Mahiyyətinə gəlincə, Azərbaycan üstündən 3 il keçməsinə baxmayaraq, hələ ki, onların mandatını təsdiqləməyib. Eyni yanaşma tərzi beynəlxalq müşahidə missiyası yaratmaq məsələsində də sərgilənə bilər. Ona görə də müəyyən formaların yaradılması hələ onun hansısa bir ciddi məzmun təşkil etməsi demək deyil”.
Qeyd edək ki, bu günlərdə ABŞ Dövlət Departamenti Azərbaycanın Qarabağ bölgəsində beynəlxalq müşahidə missiyası yaratmaq təklifilə çıxış edib.
Rüfət Sultan
Şərhlər