Amal Abuşov
İdman 10:23 31.10.2022

Qarnımızı doyurmayan qələbələr

Bolqarıstanlı ağır atlet Boyanka Kostova ölkəsində həbs olunub. Bu barədə onun şəxsi məşqçisi Laçezar Kişkilov "Max Telegraf” nəşrinə açıqlamasında deyib. Sitat: "Kostova yanlış insanlarla rastlaşdı və pis mühitə düşdü. Mən ona dəfələrlə xəbərdarlıq etmişdim. Amma artıq gec idi. Ona dedim ki, pul qazanmağın başqa yolu da var. Lakin bu, işə yaramadı. Onu məhəllədə narkotik satarkən tutublar. 9 ay müddətə azadlıqdan məhrum edilib, cəzasını Sliven həbsxanasında çəkir”.

Kostovanın narkotik satması və vətənində həbs olunması bizi ona görə maraqlandırır ki, xanım atlet bir vaxtlar Azərbaycan millisinin üzvü sayılıb, bizim adımızdan beynəlxalq yarışlarda iştirak edib. Onun haqqında "Vikpediya” məlumatlarında "bolqar əsilli Azərbaycan ağır atleti” yazılsa da, biz yaxşı bilirik ki, Kostovanı bizim ölkəmizə gətirən, millimizin formasını geyinməyə razı salan hansısa əsli-kökü yox, ona təklif olunan pullar olub. Atletika dünyasına Bolqarıstanı təmsil edən idmançı kimi qədəm qoyan Boyankanı idman menecerləri (belələrinə insan dəllaları da demək mümkündür) sonradan Azərbaycana calayıblar. Azərbaycan üçün müxtəlif turnirlərdə medallar qazanan xanım atlet ötən il Moskvada keçirilən Avropa çempionatında dopinq yoxlamasında "ilişib”. Bu hadisə 29 yaşlı idmançının ikinci anti-dopinq qayda pozuntusu olduğu üçün onun yarış hüququ 8 il müddətinə dayandırılıb. 

Deməli, onun cəzası 37 yaşı olanda başa çatacaq. Həmin vaxt da Kostovanın karyerasını bərpa edəcəyi, Azərbaycan üçün yeni medallar qazanacağı heç də inandırıcı deyil. Görünür, özü də karyerasının acı sonluğunu gördüyü üçün ruh düşkünlüyü yaşayıb və narkomaniyanın ağuşuna yuvarlanıb. Məşqçisi onun pul qazanmaq üçün narkotik alverinə qurşandığını deyir. Belə çıxır ki, bolqarıstanlı atlet Azərbaycanda qazandığı yüzminlərin axırına çıxıb, indi də pulsuz qalıbmış. Kim bilir, bəlkə bizdən qazandıqlarını da elə narkotik maddələri əldə etmək üçün xərcləyib?! Heç şübhəsiz ki, Kostova Bolqarıstanda qalsaydı, ona burdakı qədər pul verməyəcəkdilər, o da birdən-birə varlanmayacaqaqdı. Bizimkilərin onun başına səpələdikləri pullar xanım atletin də sonunu gətirib. 

Bu mövzu hər zaman məni düşündürüb, əcnəbi idmançılara xərclənən milyonlara heyfim gəlib. Futboldan tutmuş güləşə, boksa, atletikaya qədər hər bir sahədə belədi. Halbuki, həmin milyonları vaxtında uşaq idman məktəblərinin, futbol akademiyalarının, xüsusi təyinatı olan internatların açılmasına yönəlməklə həm azərbaycanlı balalarını qazanardıq, həm də əcnəbi asılılığından qurtulardıq. Hələ də özümüzə qoyulmuruq, nəticə çıxarmırıq. Hələ də bu siyasəti davam edirik. İspaniyanın San Sebastian şəhərində təşkil edilən sahil avarçəkməsi üzrə Avropa çempionatında 4000 metr məsafəyə yürüşdə Azərbaycanı təmsil edən Diana Dimçenko finiş xəttinə birinci çatıb. Kimdir bu Diana xanım? 1989-cu ilin sentyabrında Ukraynanın Xerson vilayətində doğulub, uzun müddət beynəlxalq yarışlarda ölkəsini uğurla təmsil edib. Sonra da Azərbaycana üz tutub, olub "azərbaycanlı”. Dünyanın hər yerində "milliləşdirmə” var, bunu başa düşürəm. Amma heç yerdə bunu bizi kimi kütləvi şəkildi, yerliləri "batıraraq” etmirlər.

Diana, Kostova və onlar kimi digərləri gəldikləri kimi gedəcəklər. Onların qazandığı qələbələr də unudulacaq, idmanımızın ac qarnını doydurmayacaq. Bu siyasətdən əl çəkmək, uzunmüddətli və Azərbaycan idmanının inkişafına xidmət edəcək proqram hazırlamaq vacibdir. Başqa yolumuz yoxdur!

Amal Abuşov