Ölkə 21:28 08.05.2023

Qaynatasının evinə getmək üçün maşın oğurladı

Bakıda içkili halda evin qarşısında tanımadığı şəxsin avtomobilini oğurlayıb, Sabirabad rayonunda yaşayan qaynatasının evinə gedən şəxslə bağlı məhkəmə işinə yekun vurulub.

Qaynarinfo-nun məlumatına görə, 1984-cü il təvəllüdlü Samir (şərti) yaşadığı Qaradağ rayonu, Lökbatan qəsəbəsindəki evində spirtli içki qəbul edib. Həmin gün saat 15.00 radələrində yaşadığı evin həyətinə düşüb və Sabirabad rayonuna qaynatasının evinə getmək qərarına gəlib.

Lakin avtomobili olmadığına görə evin həyətində tanımadığı şəxsə məxsus "VAZ 2106” markalı avtomobili görüb və onunla getmək qərarına gəlib. O, avtomobilə yaxınlaşarkən qapılarının açıq olduğunu və açarlarının üstündə olduğunu görüb. Bundan sonra maşına əyləşib, işə salaraq Lökbatan qəsəbəsindən Sabirabada gedib. 

Səhəri gün səhər saat təxminən 08.00 radələrində avtomobillə Fizuli rayonu istiqamətində hərəkət etməyə başlayıb. Saat təxminən 11.00 radələrində İmişli rayonu ərazisində DYP-nin əməkdaşları tərəfindən saxlanılıb. Polis əməkdaşları idarə etdiyi maşının oğurluq olduğunu bilərək Samiri saxlayıblar. 

Məhkəmənin qərarı ilə Samir hadisəni içkili halda törətdiyi üçün Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə cinayət məsuliyətindən azad edilməklə barəsində olan cinayət təqibi üzrə icraata xitam verilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib və məhkəmə iclas zalından azadlığa buraxılıb.

Əhməd