Dünya 16:18 30.07.2023

Qazaxıstan Rusiyaya hərbi texnika tədarük edir? - MN-dən açıqlama

Qazaxıstan Müdafiə Nazirliyi hərbi texnikanın Rusiyaya ötürülməsi ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatları təkzib edir. 

Qaynarinfo-nun məlumatına görə, nazirlikdən bildirilib ki, yayılan videogörüntülərə düşən avadanlıq üçüncü ölkəyə məxsusdur və planlı təmir üçün Rusiya Federasiyasına göndərilib.

"Guya Qazaxıstan hərbi texnikasının Rusiya Federasiyasına göndərilməsi ilə bağlı məlumatlar reallığa uyğun gəlmir. Bu hərbi texnikanın Qazaxıstan Respublikası ilə heç bir əlaqəsi yoxdur, üçüncü ölkənin mülkiyyətidir və beynəlxalq müqavilələr çərçivəsində Qazaxıstan ərazisindən keçməklə Rusiyaya planlı təmirə göndərilib”, deyə Müdafiə Nazirliyinin "Telegram"da yayımladığı bəyanatında bildirilir.

Müdafiə Nazirliyi xatırladıb ki, 2022-ci il avqustun 27-dən Qazaxıstana silah və hərbi texnikanın ixracına qadağa qoyulub.

Bir gün əvvəl bir sıra "Telegram" kanallarında Qazaxıstandan Rusiyaya getdiyi iddia edilən yük qatarlarında hərbi texnikanın hərəkətini əks etdirən video yayımlanıb. Məsələn, "Ukraine Now Telegram” kanalı abunəçilərə istinadən xəbər verib ki, peyklərin onun hərəkətini görməməsi üçün avadanlıq Aktau limanı vasitəsilə qərb Qazaxıstandan keçərək Rusiyaya gedir.

Ukraynada hərbi əməliyyatlar başlayandan sonra mətbuatda və sosial şəbəkələrdə Qazaxıstandan Rusiyaya hərbi texnikanın ötürülməsi ilə bağlı məlumatlar dəfələrlə yer alıb. Respublikanın Müdafiə Nazirliyi hər dəfə bu məlumatı təkzib edirdi.

Aydın