"Qazaxıstan və Qırğızıstan arasında mövcud olan problem savaş həddinə çatmayacaq”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Taleh Əliyev Qazaxıstanla Qırğızıstan arasında son zamanlar yaşanan problemləri şərh edərkən deyib.
Politoloq bildirib ki, sərhəddə baş verən son hadisə Qazaxıstanla Qırğızıstan arasında hər hansı bir silahlı toqquşmaya səbəb olmayacaq:
"Orta Asiyada oxşar hadisələr tez-tez baş verir. Qırğızıstanla Tacikistan arasında da zaman-zaman qarşıdurmalar baş verib. Problemin kökündə su və ərazi iddiaları durur. Düşünmürəm ki, Qazaxıstanla Qırğızıstan arasında ciddi problem yaşansın. Hər iki dövlət Türk Dövlətləri Təşkilatının üzvüdür və bu istiqamətdə aktiv siyasi mövqe sərgiləyirlər.
Dövlətlərin əbədi müttəfiqliyi yox, əbədi mənafeyi var. Bu prinsiplə də Bişkeklə Astana siyasi və iqtisadi münasibətlərdə öz dövlət maraqlarına üstünlük verirlər. Onlar arasında hətta lokal toşşuşmalar da gözlənilmir. Sadəcə olaraq, gömrükdən mal keçirən vətəndaşların dövlət qurumları ilə mübahisələri, qarşıdurması yaşana bilər. Amma bu dövlətlər arasında deyil, vətəndaşla dövlət qurumları arasında baş verən hadisə olacaq”.
Qeyd edək ki, Qırğızıstanın İqtisadiyyat və Ticarət Nazirliyi avqustun 24-də Qazaxıstanın Avrasiya İqtisadi İttifaqı çərçivəsində malların hərəkət azadlığını məhdudlaşdırdığını açıqlayıb. Nazirlikdən verilən məlumata görə, sərhəddə Qazaxıstan tərəfindən nəzarət-yoxlama tədbirləri gücləndirilib və bu, yük maşınlarının sərhəddən keçməsini ləngidib. Qazaxıstan prezidenti Qasım-Jomart Tokayev isə Nazirlər Kabinetinə Qazaxıstan-Qırğızıstan sərhədindəki keçid məntəqələrində yaranmış vəziyyəti həll etməyi tapşırıb.
Rüfət Sultan
Şərhlər