"Qəbələ”nin mövsümə uğursuz başlaması, hələ də toparlana bilməməsi birmənalı qarşılanmır. Düzdür, ötən mövsümün sonunda kuboku qazanıb, avrokuboklarda iştirak hüququ əldə etsələr də, hələlik yeni futbol ilində komanda özünə gəlməkdə çətinlik çəkir. Maraqlıdır, yeni mövsümdə keçirdiyi bütün oyunlarda məğlub olan bölgə təmsilçisinin azarkeşləri nə düşünür? hansısa narahatlıq keçirirlərmi?
"Qəbələ”nin "Red Black Army” fanklubunun rəhbəri Cavad Şərifli Qaynarinfo-ya açıqlamasında sualları cavablandırıb, amma istefası gündəmə gətirilən baş məşqçiyə güvəndiklərini söyləyib:
"Düzdür, hamımız komandanın yanındayıq. Bacardığımız qədər dəstək oluruq. Başa düşürük, əsas heyətin 90 faizi dəyişib, büdcəmiz zəifdir. Bununla belə, gözləmə mövqeyindəyik. Komandanın oyununu izləyirik, ümid verib-vermədiyinə baxacağıq. Daha sonra qərarımızı verəcəyik. Hələlik etiraz səsimizi yüksəltmirik, 90 dəqiqə həmişəki kimi komandamıza dəstək oluruq. Futbolçulara, məşqçilərə onların arxasında olduğumuzu deyirik. Amma bunun da bir həddi var. Səbr kasamız dolmağa başlayır. Amma vəziyyəti nəzərə alıb gözləyirik. Çünki 3-4 ay əvvəl kuboku qazanmışıq. Futbolçular da yenidir, öz komandalarında əsas heyətdə daimi şəkildə oynamayıblar. Onların formaya düşməsi üçün zaman lazımdır. Gözləyirik, irəliləyiş olmasa, qərarımızı verəcəyik. Başa düşürəm, hansısa komandanın azarkeşləri, 3-4 oyundan sonra 0 xala görə narazılıqlarını bildirə bilərlər. Büdcəni, futbolçuların potensialını başa düşürük. Bizim üçün əsas olan formanın üstündəki loqodur. Futbolçular, hər kəs gedə bilər, amma azarkeşlər daim qalacaq. Narahatlıq keçirsək də, dözürük, yenilik gözləyirik”.
Şərifli, Elmar Baxşıyevin istefa məsələsinə münasibətini, ona güvəndiklərini bildirib:
"Elmar müəllim bizim üçün doğmadır, qardaş kimidir. Həm futbolçumuz olub, həm də məşqçimiz. Komandada həmişə mehribanlıq yaradıb, yaxşı əhval-ruhiyyə olub. Gözəl kollektiv yetişdirib. Aşağı büdcəyə baxmayaraq, uğurumuz da var. avrokuboklarda oynamışıq. Azərbaycan Kubokunu qazanmışıq. Bunu Elmar müəllim bacarıb. Qardaşımız da olsa, bir neçə tur da gözləyib, fikirlərimizi bildirəcəyik. Onun insanlığına heç bir söz ola bilməz. Sadəcə, müəyyən vaxtdan sonra postundan getməsini istəyə bilərik. Elmar müəllimə güvənirik, onun arxasındayıq. Komandanı çətin vəziyyətdə götürmüşdü, bacardığı köməyi də edib. İnşallah, xeyirlisi olar”.
Səbuhi Həsənov
Şərhlər