Dünya 11:47 16.12.2023

“Qərb Rusiyanı bölgədən çıxardır” - Politoloq

"Adıçəkilən postsovet ölkələrinin Avropa İttifaqına yaxınlaşdırılması gələcəkdə Qərbin bölgədə möhkəmlənəcəyi anlamına gəlir”. 

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri Avropa İttifaqının Ukrayna, Moldova və Gürcüstanla bağlı qərarını şərh edərkən deyib.

Politoloq bildirib ki, bu, Rusiyanın özü üçün əhatə dairəsi adlandırdığı zonalardan tədricən sıxışdırılması anlamına gəlir:



"Proses buna doğru gedir. Atılan bu addım postsovet məkanına təsirsiz ötüşməyəcək. Dünənə kimi bu ərazilərdə gücünü nümayiş etdirən Rusiya öz aqressiv siyasətilə təkcə postsovet məkanında deyil, şimal sərhədlərində, Skandinaviya ölkələri tərəfindən də sıxışdırılır. Rusiya artıq NATO ölkəsi Finlandiya ilə həmsərhəddir. Eyni proses artır postsovet məkanında da baş verir".

Həmsöhbətimiz düşünür ki, proses təkcə Ukrayna, Moldova və Gürcüstanla məhdudlaşmayacaq: 

"Növbədə Ermənistan olacaq. Avropa Azərbaycanla da işləməyə davam edir. Tədricən Aİ Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxaracaq”. 

Ekspert deyib ki, postsovet məkanının Aİ-yə yaxınlaşması texnoloji cəhətdən bölgənin inkişafına töhfə verəcək:

"Digər tərəfdən, əvvəllər bölgədə Rusiya hegemonluq edirdisə, indi sadəcə olaraq rollar dəyişəcək. Sözsüz ki, Aİ Rusiyadan fərqlidir, elm və texnoloji baxımdan ikincidən qat-qat çox inkişaf edib”. 

Qeyd edək ki, Avrop Ittifaqı keçirdiyi son iclasında Ukrayna və Moldovanın təşkilata qoşulması, Gürcüstanın isə üzvlüyə namizədliyi ilə bağlı danışıqlara başlamaq qərarına gəlib. 

Rüfət Sultan