Dünya 13:56 08.06.2023

Qərb Ukraynaya istədiyi təhlükəsizlik zəmanətini verməyə hazır deyil - "Politico"

Ukrayna Qərbdən uzunmüddətli məcburi təhlükəsizlik zəmanəti istəyir, lakin müttəfiqlər hələ ki, bunu verməyə hazır deyil.

Qaynarinfo xəbər verir ki, bu barədə "Politico” avropalı diplomatlarla söhbətdən sonra məlumat yayıb.

Mövzu ilə bağlı aylarla müzakirələrə baxmayaraq, beş avropalı diplomat bildirib ki, Qərb alyansı hələ də Ukraynanın sorğusuna necə cavab veriləcəyi ilə bağlı demək olar ki, bütün elementlərdə fikir ayrılığına malikdir.

Diplomatların fikrincə, müttəfiqlərin NATO-nun əsas sammiti üçün Vilnüsdə görüşməsinə cəmi beş həftə qalmasına baxmayaraq, təhlükəsizlik zəmanətləri məsələsi açıq qalır. Ukrayna sammiti bir növ son tarix kimi təyin edib və müttəfiqlərin Ukraynanı NATO-ya qəbul etmək üçün aydın öhdəliklər götürmələrini və bu yolda təhlükəsizlik zəmanətlərini vermələrini israr edir.

"Ukrayna NATO-dan "yox" eşitmək baxımından dünyanın ən təcrübəli ölkəsidir", - Ukraynanın Avropaya inteqrasiya üzrə baş nazirinin müavini Olqa Stefanişina şikayət edir.

"Bizə aydınlıq lazımdır ki, Ukraynanın NATO-ya üzvlüyü qaçılmazdır və bu bazarlıq mövzusu olmayacaq", - o əlavə edir.

Beləliklə, Kiyev tərəfdarları xoş gəlməyən reallığın öhdəsindən gəlməyə çalışırlar: onların çoxu hazırda Ukraynaya NATO-ya daxil olmaq üçün konkret qrafik vermək istəmir. Lakin onlar həm də ukraynalıları məyus etmək və ya gələcəkdə növbəti işğala məruz qoymaq istəmirlər.

Nəticədə, bir sıra Qərbi Avropa liderləri getdikcə daha çox təhlükəsizlik təminatlarına bel bağlayırlar və üzvlüklə bağlı daha optimist variantlar təklif edirlər.

Həmsöhbətlərin sözlərinə görə, Fransa prezidenti Emmanuel Makron "İsrail tipli təhlükəsizlik təminatları ilə NATO-ya tam üzvlük arasında olan orta bir variantı” dəstəkləyib. "İsrail tipli təminatlar” dedikdə müttəfiqlərin uzun illər İsrailə göstərdiyi məqsədyönlü hərbi yardımlar başa düşülür. 

Böyük Britaniyanın baş naziri Rishi Sunak müttəfiqlərin "Ukrayna üçün uzunmüddətli təhlükəsizlik tədbirləri qurduğumuzdan əmin olmaq istədikləri" ilə bağlı qeyri-müəyyən öhdəliklərini əlavə edib. 

Amma indiki və keçmiş məmurlar bildirirlər ki, zəmanətlərin verilməsi, onlara nələrin daxil olacağı və hansı formatda istifadə oluna biləcəyi ilə bağlı konsensus yoxdur.

Bununla belə, rəsmilərin sözlərinə görə, siyasətçilər indi "zəmanətlər” və "təminatlar” haqqında danışarkən, Ukraynanın müdafiəsi ilə bağlı konkret vədlərdən deyil, əsasən, silahların verilməsi və təlimlərin keçirilməsini davam etdirmək vədlərindən danışırlar.

"Biz daha tez-tez zəmanətlər haqqında deyil, təminatlar haqqında eşidirik. Görünür, hər şey Ukraynaya özünü müdafiə etməyə imkan verəcək uzunmüddətli maliyyə təminatından gedir", - Mərkəzi Avropadan olan diplomat bildirib.

Amma Ukraynanın istədiyi daha çox silah əldə etmək deyil. 

Eyni zamanda, Zelenski, xüsusən də Moldovada Avropa liderləri ilə şəxsi görüş zamanı, NATO-ya üzvlük yolunda qəti öhdəliklər üçün getdikcə daha çox israr edir.

Bəzi rəsmilər deyirlər ki, təhlükəsizlik zəmanəti müzakirələri onların diqqətini həqiqətən vacib hesab etdikləri yeganə zəmanətdən - mümkün NATO üzvlüyü söhbətlərindən yayındırır.

"Hansısa ölkə Ukraynaya real ikitərəfli təhlükəsizlik zəmanəti vermək barədə ciddi düşünürmü? Yalnız 5-ci maddə məsələyə zəmanət verir", - Şərqi Avropadan olan diplomat bildirib.

Bu diplomatın fikrincə, uzunmüddətli silah tədarükü "təhlükəsizliyin zəmanəti deyil".

Nizami Bağırov