Dünya 19:07 24.01.2023

Qərbin Ukraynada müharibə marağı dəyişir? (ŞƏRH)

"İtaliya XİN rəhbəri Ukraynada vəziyyətin kəskin şəkildə dəyişə biləcəyini əsas gətirərək, belə bəyanatla çıxış edib ”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında sabiq xarici işlər naziri Tofiq Zülfüqarov İtaliya xarici işlər naziri Antonio Tayaninin "Rusiya hərbçiləri Ukrayna ərazisinə hücumu dayandırarsa, Avropa ölkələri Kiyevi danışıqlara çağıra bilər” fikrinə münasibət bildirərkən deyib. Sabiq nazir bildirib ki, indi Avropada bir-birinə zidd iki konsepsiya var:
 
"Avropada belə bir mövqe çoxdan səslənir. Onların məqsədi Rusiyanı hansısa mərhələdə dayandırıb, danışıqlar prosesinə başlamaqdan ibarətdir. Vaxtilə İstanbulda keçirilən görüşlərdən sızan məlumatlarda Krımın danışıqlar mövzusu olmayacağı, Donbasla bağlı isə danışıqların başlayacağı fikirləri səslənirdi. Təxminən belə bir konsepsiya mövcuddur. 



Avropada indi bir-birinə zidd iki konsepsiya var. Konsepsiyanın birində işğalçı ilə heç bir danışıqların olmaması məsələsi əks olunub. İkinci konsepsiya isə hansısa mərhələdə atəşkəsin elan olunması və danışıqların davam etdirilməsi nəzərdə tutulub. Fikrimcə, İtaliyanın xarici işlər naziri də məhz ikinci konsepsiyanın tərəfdarıdır. İstisna deyil ki, bu sayaq təkliflər bütün Avropanın təklifidir. Buna bənzər fikir Paris və Berlin tərəfindən də səslənib. 

Bu mərhələdə səslənən bəyanatlarda deyilir ki, guya Rusiya əks-hücuma keçməyə hazırlaşır. Eyni zamanda, "Leopard 2” tipli tankların Ukraynaya verilməsinin qarşısını almağa da çalışırlar. Bu fonda da bildirilir ki, Ukraynada vəziyyət kəskin şəkildə dəyişə bilər. Maraqlıdır ki, bu fonda da İtaliya xarici işlər nazirinin səsləndirdiyi konsepsiya da təbliğ edilir”. 
 
Qeyd edək ki, İtaliyanın xarici işlər naziri Antonio Tayani yerli "Il Messaggero” qəzetinə müsahibəsində Rusiya hərbçiləri Ukrayna ərazisinə hücumu dayandırarsa, Avropa ölkələrinin Kiyevi danışıqlara çağıra biləcəyi fikrini səsləndirib. Eyni zamanda, Tayani "kimsə bəzi Avropa ölkələrindən Putinlə danışıqların xeyrinə mövqelərini yumşaltmağı xahiş etməyə çalışır” desə də, onun kim olduğunu dəqiqləşdirməyib.

"Ancaq razılaşma  yalnız Rusiya hərbi əməliyyatları dayandırmaq qərarına gələrsə, mülki əhalinin və strateji obyektlərin heç bir fərq qoymadan bombardmanını dayandırmağa qərar verərsə, mümkün olacaq.  Yalnız bundan sonra Avropa Ukraynadan danışıqlara başlamağı xahiş edə biləcək”, deyə Tayani bildirib. 

Rüfət Sultan