Siyasət 15:54 27.11.2023

Qərblə Rusiya arasında vurnuxan Paşinyan: "Bu, İrəvana ünvanlanmış xəbərdarlıqdır"

"Putin sözçüsünün bəyanatı ilk növbədə Ermənistana ünvanlanmış xəbərdarlıqdır”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Əlimusa İbrahimov Rusiya prezidentinin mətbuat katibi Peskovun Qərb dövlətlərinin Qarabağ ətrafında sabitliyi pozmağa çalışdığı və regionda Rusiyaya qarşı açıq mübarizə apardıqları barədə bəyanatını şərhe dərkən deyib.

Ekspert bildirib ki, Ermənistanın Rusiyaya qarşı demarşından sonra belə vəziyyət yaranıb:

"Ermənistanda Rusiya əleyhinə ciddi addımlar atılmasına cəhdlər edilir. İrəvan Rusiyadan üz döndərərək, Qərbə yaxınlaşmağa çalışır. Moskvada da başa düşünrlər ki, belə vəziyyətin meydana gəlməsinə səbəb Qərbin Ermənistana ciddi təzyiqlərilə bağlıdır. Həqiqətən də son üç ildə Qərb çalışır ki, Ermənistan və Azərbaycanı Rusiyanın nüfuz dairəsindən uzaqlaşdırsın. Kollektiv Qərb Ermənistanda artıq buna nail ola bilib. Amma Azərbycanda buna nail ola bilmirlər. Bu da rəsmi Bakı ilə Rusiyanın regiondakı maraqlarının demək olar ki, üst-üstə düşməsilə bağlıdır. Rusiya Azərbaycanın Qarabağı azad etməsi və öz ərazi bütövlüyünü bərpa etməsinə mane ola bilmədi. Belə vəziyyətdə Qərbdə elə düşünürlər ki, Azərbaycan Rusiyaya ilə Ermənistana qarşı birgə addım atır. Amma əslində belə deyil”.


 
Politoloq bildirib ki, Peskovun açıqlaması İrəvana xəbərdarlıqdır:

"Bununla Peskov Ermənistana göstərmək istəyib ki, Rusiyadan başqa hər hansı digər kənar qüvvə Cənubi Qafqazda təhlükəsizliyi təmin etməyə qadir olmayıb və bundan sonra da olmayacaq. Bu açıqlama ilə Kreml sözçüsü Ermənistanı özünə gəlməyə və Rusiyaya qarşı  demarşdan çəkinməyə çağırıb. Bununla Peskov əks təqdirdə, lazım gələrsə, Rusiyanın regionda nüfuzunu bərpa etmək üçün hərəkətə keçməli olacağı xəbərdarlığını verir”. 

Qeyd edək ki, Peskov bəzi Qərb dövlətlərinin Qarabağ ətrafında sabitliyi pozmağa çalışdığı və regionda Rusiyaya qarşı açıq mübarizə apardıqlarını bəyan edib. Onun sözlərinə görə, Qərb dövlətləri Rusiyanı Qarabağdan sıxışdırıb çıxarmağa çalışır, lakin heç kim regionda sülhün və sabitliyin təminatçısı kimi çıxış edə bilməz:

"Bizi oradan  sıxışdırmağa çalışdıqlarını bilirik. Amma hələlik Rusiyadan başqa heç kim regionda sülhün və sabitliyin təminatçısı kimi belə bir rol oynaya bilmir. Rusiya isə səylərini davam etdirir”.

Rüfət Sultan