Sənət 12:30 05.12.2023

QHT istehsalı olan bəzi filmlər niyə üzə çıxarılmır?

Belə başa düşürəm ki, dövlət büdcəsindən qrant şəklində ayrılan vəsaitləri təyinatı üzrə xərcləməyən QHT-lərə qarşı həqiqətən mübarizə tədbirləri başlayıb. Və nə gizlədim, QHT-lərə Dövlət Dəstəyi Agentiyindən yaxşı mənada gözlənilməyən addımlar müşahidə edilir. Yəni son vaxtlar, illərlə qeyri-funksional fəaliyyətlə məşğul olan müftəxor QHT rəhbərlərinin sosial mediadakı hay-küyü göstərir ki, vəziyyət onların istəmədiyi məcrada dəyişir.

Hətta Prezident Administrasiyası da keyfiyyətsiz QHT layihələri barədə açıq mətnlə danışmağa başlayıb. Bu yaxınlarda QHT-lərin forumunda PA nümayəndəsi Tural Əliyevin çıxışı bu sektorda, belə demək mümkünsə, silkələnmə yaradıb: "Artıq dövlət tərəfindən QHT-lərlə iş sahəsində köklü islahatlara başlanılıb. Açıq etiraf olunmalıdır ki, ötən illərdə bu sahədə xeyli nöqsanlar buraxılıb. Bu gün bəzi qeyri-hökumət təşkilatlarının fəaliyyəti bu sahəyə ləkə, sektorun adına ciddi xələl gətirir. Onlar illərdir öyrəşdikləri müxtəxorluq dövrünün xiffəti ilə yaşayır. 

Mən burada, bütün QHT-lərin qarşısında açıq şəkildə bəyan edirəm ki, bu dövr qapanıb. Bu gün bəzi QHT layihələrini nə sosial, nə iqtisadi, nə mədəni layihə hesab etmək mümkün deyil, ümumiyyətlə, belə işlərə "layihə” adı vermək mümkün deyil. Bu cür cızma-qaralarla layihə icra etdiyini zənn edənlərə keyfiyyət əsaslı yanaşmalar sərf etmir”. PA nümayəndəsi Agentliyin də fəaliyyətini sərt tənqid edib: "Təəssüflə qeyd edilməlidir ki, son 15 ildə istər QHT-lərə Dövlət Dəstəyi Şurası dövründə, istərsə də QHT-lərə Dövlət Dəstəyi Agentliyin yarandığı 2 illik dövrdə qrant müsabiqələri müvəqqəti qaydalar əsasında aparılıb. Niyə? Əlbəttə ki, sual ritorikdir. Burada olanların yəqin ki, hamısı niyə sualının cavabını bilir. Son 15 ildə ilk dəfə yeni qrant müsabiqəsi qaydaları hazırlandı və bu yaxınlarda Nazirlər Kabineti tərəfindən təsdiq edildi. Yeni qaydalarla tanış olanlar bilir ki, burada şəffaflıq və keyfiyyət amilləri birinci sıradadır, bu qaydalar çox mütərəqqidir, özü-özlüyündə sağlamlaşdırma tədbirlərinin bir hissəsidir”.   

...Əvvəllər də keyfiyyətsiz sənədli filmlərdən yazmışam. Amma bu cür operativ reaksiya nadir hallardandır; dövlət qrantı hesabına "Həsrət Yolu” Əsir və Girovlara Kömək İctimai Birliyinin çəkdiyi "Əbədi iztirab” adlı sənədli filmi haqqında tənqidi yazımdan sonra nəinki bu layihə geri qaytarıldı, həmin QHT 2 il qrant müsabiqələrində iştirak hüququndan məhrum edildi. Bu prosesdə "Dövlət büdcəsi hesabına belə zay məhsul kimə lazımdır?” adlı yazımda tənqidi qeydlərimi nəzərə aldığı üçün Agentliyə təşəkkürümü bildirirəm. 
 

Əslində, müəyyən QHT-lərin dövlətin maliyyəsi hesabına davamlı zəif filmlər çəkməsində, ümumiyyətlə, QHT sektorunun film layihələri ilə bağlı fəaliyyətindəki kobud qüsurlarda biz kinotənqidçilərin də, mədəniyyət portallarının da məsuliyyəti var. Çünki sözügedən sektorun kino sahəsindəki fəaliyyətini aktiv, müntəzəm müzakirə etməmişik, diqqətdən kənarda saxlamışıq. Agentliyin ictimaiyyəti bundan sonra da QHT istehsalı olan filmlərinin ictimai müzakirəsində fəal olmağa çağırması təqdirəlayiq çağırışdır. Amma Agentlik bunu da bilməlidir ki, QHT-lərin çoxu qrantla çəkdikləri filmləri geniş publikaya təqdim edib, təbliğatında maraqlı olmayıblar. Çünki işə formal yanaşıblar, məqsəd daha çox qrant əldə edərək, film formatında ortabab bir video çəkmək olub. Yəqin ona görə dövlətin maliyyəsi hesabına çəkilən filmlərin bir qismini internet resurslarında tapmaq çətindir. 

Misal üçün, İctimai Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM-ın) QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə "Nəsimi-650” layihəsi çərçivəsində Nəsimi haqda çəkdiyi qısametrajlı filmi internetdə ələk-vələk eləsəm də, tapa bilmədim. Qurumun rəhbəri Samir Adıgözəllinin varlığını çoxdan unutmuşdum.  Yadıma gəlir ki, o, 1990-cı illərdə siyasi meydanda mərkəzi fiqurlardan biri olmağa can atırdı. Tez-tez siyasi əqidə dəyişiklikləri ona uğur gətirmədiyindən, görünür, ən sonda özünü  QHT sektorunda sınamağa qərar verdi. "Nəsimişünas” kimi peyda olması maraqlı olsa da, mənim üçün onun personası yox, Nəsimi haqqında filmi maraqlıdır ki, onu da nədənsə ortalığa çıxarmır. 

2022-ci ildə yenə də QHT-ə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "20 Yanvar Şəhid Ailələrinin Hüquqlarının Təmin olunması” İctimai Birliyinin layihəsi əsasında "Şəhidlik zirvəsi” adlı filmin bir il əvvəl yayımlanmasına rəğmən izləyici sayı heç minə çata bilməyib. "Şəhidlik zirvəsi” də "Əbədi iztirab” kimi kino sənəti ilə əlaqəsi olmayan, film anlayışını  istedadsız şəkildə imitasiya edən məhsuldur. Filmin adının orijinal olmaması artıq onun keyfiyyətindən, başdansovdu çəkilməsindən xəbər verir. Hələ 2001-ci ildə, peşəkar kinorejissorlar, Yanvar hadisələrinin şahidləri Xamis Muradov və Tofiq Məmmədov 20 Yanvar şəhidlərinə həsr olunmuş  eyniadlı film çəkiblər. Ümumiyyətlə, bu adda çox veriliş, telefilm istehsal olunub, layihə hazırlanb. Etibar Məmmədovun rejissoru olduğu "Şəhidlik zirvəsi” 20 Yanvar hadisələri ilə bağlı yeni kontekst, intonasiya təklif eləmir. Çünki filmin yarıdan çoxu telekanallarda min dəfə gördüyümüz arxiv materiallarından ibarətdir: 20 Yanvar hadisələrindən görüntülər, İkinci Qarabağ Savaşından və  Bakıda qələbənin qeyd edilməsi kadrları. Kino sintetik sənət olduğundan, burda təkcə mətn yox, məhz rejissorun yaradıcı təfəkkürünə əsaslanan təsvir həlləri (daha çox təsvir!!!) danışmalıdır. Etibar Məmmədov uzun müddət telekanallarda xəbər aparıcısı olub və işinin öhdəsindən yaxşı gəlib. Lakin haqqında danışdığımız iş onun sənədli film rejissoru kimi istedadından xəbər vermir. Daha pis odur ki, xronikanı müşayət edən mətn inşa səviyyəsində, kino dilindən uzaq, fakta söykənməyən, yoxsul publisistik dildə yazılıb. Ümumiyyətlə, mətndəki cümlələr özlüyündə nə kimi mühüm, orijinal informasiya daşıyır ki, hələ bir filmin əvvəlində titrlərdə "filmin məzmununda əks olunan fikir və mülahizələr "20 Yanvar Şəhid Ailələrinin Hüquqlarının Təmin Olunması” İctimai Birliyinə aiddir” yazılır?! Daha sonra qurumun rəhbəri Maral Zamanova (Qocaman) Şəhidlər xiyabanında 20 Yanvar şəhidlərinin məzarı fonunda müsahibə verir. Deyəsən, QHT  sədrlərinə elə gəlir ki, əgər onlar dövlətin maliyyəsi hesabına film çəkirlərsə, mütləq şəkildə özləri də nəsə deməlidirlər. Daha doğrusu, nə demələri vacib deyil, əsas olan ekranda necəsə görünməkdir. Maral Zamanova (Qocaman) deyir: "Vətənini sevən insan, heç nədən qorxmadan könüllü gedib döyüşüb... Mən düşünürəm ki, bu, birinci növbədə vətənpərvərlik, vətənə sevgidən irəli gəir”. Hiss olunur ki, Maral Zamanova (Qocaman) mövzu üzrə söz tapmaqda, fikir söyləməkdə çətinlik çəkir. Bu səbəbdən şablon, səthi fikrilər səsləndirir.

Beləcə, "Şəhidlik zirvəsi” oxşar məzmunlu kadrlarla və əhəmiyyətli məna, informasiya yükü olmayan kadrarxası mətnlə davam edir. Mətndə yeganə  informasiya yükü  20 Yanvarla bağlı hamının bildiyi ümumi statistik rəqəmlərdir. 22 dəqiqəlik filmdə qəhrəmanlar az qala, filmin yarısından süjetə daxil olur. Halbuki, ekzpozisiyada filmə seçilən qəhrəmanlar görünməliydi. Yalnız filmin yarısında 20 Yanvarda şəhid olmuş Fəridə Abbasova və İlkin Cavanşirovun qohumları danışdırılır. "Danışdırılır” deyəndə ki, əslində, müəllif onları danışdıra, şəhidlərin bioqrafiyası ilə bağlı dramatik, təsirli məqamları üzə çıxara bilməyib. Cavablardan bəlli olur ki, onlara ümumi, basmaqəlib suallar ünvanlanıb. 

Ümumi materialda, üzərində təsirli hekayə qurulası hadisə gözdən qaçırılıb. Bu, Fəridə Abbasovanın və İlkin Cavanşirovun övladları - Əsəd Cavanşirov və  Pərviz Abbasovun "20 Yanvar” batalyonunda vuruşaraq şəhid olması faktıydı. 1992-ci ildə Sərsəng su anbarı istiqamətində gedən döyüşlərdə mühasirəyə düşən Əsəd Cavanşirov və döyüş yoldaşları ələ keçməmək üçün özlərini partladıblar. Bir sənədli film üçün bundan dramatik, sarsıdıcı hadisə?! Amma yaradıcı heyət bu faktı süjetdə inkişaf etdirmək, rejissor yozumu qatmaq yerinə, ortaya sənədli filmin peşəkar standartlarından uzaq növbəti zay məhsul çıxarır. 
 

Mövzuyla bağlı maraqlı bir faktı deyim. Rejissor Əli-Səttar Quliyevin bir neçə il öncə çəkdiyi "Mən qardaşımı axtarıram” adlı  peşəkar bədii sənədli filmi var. 20 Yanvar hadisələri zamanı qardaşını axtaran və ona kömək etməyə çalışan qonşunun timsalında bütün günahsız insanların qarşılaşdığı faciə filmdə uğurla ümumiləşdirilib. Filmdə real və heç bir yerdə istifadə olunmamış unikal arxiv kadrlardan istifadə edilib. Yanvar hadisələrində hücuma keçmiş sovet ordusunun əsgərlərindən biri müsahibəsində xalqımıza qarşı edilmiş cinayətlə bağlı tükürpədici etiraflar eləyir. Bu işdir, əməkdir və filmdə rejissorun emosional yaşantısı, ağrısı var. "Şəhidlik zirvəsi” filminin keyfiyyətsizliyi bir yana, müəlliflərin emosional yaşantısı da duyulmur.   

İttifaqın əsas məqsədi milli kinonun, milli mədəniyyətin və dünya kinosunun əsas hissəsi olaraq inkişaf etdirilməsiLayihə ilə bağlı saytlardan birində rastlaşdığım məlumatda deyilir ki, sənədli filmin məqsədi gənc nəslin nümayəndələrinə milli şüurun formalaşmasında, şəhidliyin milli-mənəvi dəyər olaraq mənəvi dəyərlər sistemimizdə,  milli dövlətçiliyimizin qorunub-saxlanmasında rolunun izah etməkdir: ”Layihə həmçinin 30 ilə yaxın davam edən işğal zamanı ermənilərin Azərbaycan torpaqlarında törətdikləri cinayətlər haqqında da məlumatlar veriləcək ki, bu məlumatların gənclərimiz tərəfindən mənimsənilməsi mütləqdir”. Amma niyəsə, filmdə erməni hərbçilərinin törətdiyi cinayət faktları yer almayıb. Üstəlik, film hansı keyfiyyətləri, sarsıdıcı reallığı ilə gənclərə təsir edə bilər və ya edibmi? Filmin təqdimatından sonra gənclərə təsiri baxımından nə kimi nəticə əldə olunub, buunla bağlı  araşdırma aparılıbmı?

Bununla belə, QHT-lərin film layihələri arasında uğurlu işlər də yox deyil. Misal üçün, bu yaxınlarda "Obyektiv” Milli Dəyərlərin Təbliğinə Dəstək İctimai Birliyinin "Coğrafiya müəllimi” adlı qısametrajlı bədii-sənədli filminin premyerası keçirildi. Film hər mənada peşəkar səviyyədə işlənilib, xüsusən, rejissor (Xəyyam Abdullazadə), operator (Əhməd Barasov) və rəssam işi (Vüqar Qurbaov). Çünki layihə peşəkar kollektivə həvalə olunub. Filmin rejissoru  Xəyyam Abdullazadə müxtəlif kinofestivallarda mükafat qazanıb.  Tanınmış jurnalist Mübariz Əsgərovun ssenarisini yazdığı filmin çox qısa xronometrajında Birinci Qarabağ savaşında  Şuşanın işğalı zamanı itkin düşmüş Nəsir Bağırovun həyatı  yığcam vizual dillə, təsirli nəql olunub. Süjetə görə, doğmaları ilə vidalaşıb müharibəyə yollanan ata (İsmayıl Kərimov) qayıtmır, itkin düşür. Balaca oğlu (bu rolu itkin hərbçinin nəvəsi Nəsir Bağırov oynayır) atasının nə vaxtsa qayıdıcağına inanır. Və filmin "Coğrafiya müəllimi” adlanması balaca qəhrəmanın dilindən əsaslandırılır. O, inanır ki, coğrafiya müəllimi olan atası itkin düşə bilməz. 

Təhkiyə qəhrəmanın daxili monoloqu üzərində qurulsa da, təsvirlər sözlərdən daha çox danışır. Xüsusən balacanın kədərli, ümidli baxışları süjetin emosional qatını dərinləşdirir. Balaca aktyorla çox yaxşı  işlənilib və ideyası doğru çatdırılan filmin əslində tammetrajlı bədii film potensialı var. Məni ən çox sarsıdan final epizodu oldu. İri planda göstərilən oğulun atasının obrazına uğurlu keçid edilir və biz ekranda gerçək qəhrəmanı, itkin düşmüş Nəsir Bağırovun işıqlı simasını görürük. Hərçənd, musiqini (Azər Hacıəsgərli) minimuma endirmək mümkün idi. Yəni hər kadrda musiqinin səslənməsinə ehtiyac yox idi. Çünki dediyim kimi, kadrlar onsuz da danışır və hətta uşaq rolunu o qədər dolğun ifa edir ki, daxili monoloq belə ixtisar edilsəydi, məzmun anlaşılacaqdı. Demək ki, minimum məbləğə yaxşı, uğurlu iş görmək mümkündür. 

Son dövrlərin vacib mövzularından biri Qərbi Azərbaycan məsələsinin siyasi, tarixi, mədəni aspektlərdən aktuallaşdırılmasıdır. Belə bir mühüm funksiyanı Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyinin hazırladığı "Nəsil ağacı”  sənədli filmi də daşıyır. İlk dəqiqələrdən filmdə peşəkar  dəst-xətt hiss olunur. Qərbi Azərbaycanın tarixi, mədəniyyəti, məişəti bu bölgənin məşhur nəsilləri Şadlinskilərin, Budaqovların, Topçubaşovların, həmçinin doğma yurdundan deportasiya edilən həmvətənlərimizin  bioqrafiyası fonunda danışılır. Hekayə dinamikdir, arxiv materialları, fotolar dramaturji materialda dəqiq yerləşdirilib, hər epizod maraqlı informasiya ötürür və müxtəlif hekayələr arasında əlaqə məntiqi montaj keçidləri sayəsində qurulur. "Nəsil ağacı”nın ssenari müəllifi Ayaz Mirzəyev, operatoru Vüqar Şıxəliyevdir. 
 

Qərbi Azərbaycan mövzusunu dolğun əks etdirən işlərdən biri də Azərbaycan Kinematoqrafçılar İttifaqı tərəfindən çəkilən və bu yaxınlarda premyerası baş tutan "Sarı gəlin”in sorağında” (ssenari müəllifi Füzuli Sabiroğlu, rejissor Mübariz Nağıyev, operator Fahir Səmədoğludur) tammetrajlı sənədli filmdir. Çəkilişləri İsmayıllıda, Qərbi Azərbaycanla sərhəd rayonlarda - Gədəbəy və Kəlbəcərdə aparılan sənədli lentdə tədqiqatçı alimlərin məlumatları ilə yanaşı, 1930-cu illərə dair maraqlı arxiv kadrlarından və Moskvadan əldə edilmiş materiallardan istifadə olunub. Bədii elementlərin də yer aldığı hekayənin mərkəzi xəttini "Sarı gəlin” xalq mahnısının yaranması istiqamətində araşdırmalar təşkil etsə də, başlıca məqsəd ümumən Qərbi Azərbaycan ərazisində yerləşən, erməni xalqı, tarixi ilə heç bir əlaqəsi olmayan maddi-mədəni abidələrimizlə bağlı həqiqətləri göstərməkdir. Qısacası, dolğun informasiyalara söykənən təsvir və mətnlər sarıdan zəngin filmdə dramaturgiyanın bütün qaydalarına əməl olunub: onun əvvəli, ortası və sonu var. 

Lakin yaxşı olardı ki, bu filmlər rəflərdə qalmasın və premyerayla iş bitməsin: həm telekanallarda, həm də müxtəlif layihələr çərçivəsində göstərilsin və əcnəbi dillərə tərcümə olunsun.

Ümumiyyətlə, QHT sektorunda həyata keçirilən film layihələri yalnız və yalnız peşəkarlara, işi bilənlərə həvalə olunmalıdır. O ki qaldı, forma axtarışı olmayan, sənədli kinonun heç bir tendensiyasını özündə əks etdirməyən, köhnə-kürüş fəndlərlə işlənmiş "Əbədi iztirab”, "Şəhidlik zirvəsi” kimi filmlərə, bu ekran işlərinin Mədəniyyət və İncəsənət Universitetində kinorejissorluq təhsili alan tələbələrə "filmi necə çəkmək olmaz” və ya "belə film çəkmək qadağandır” məqsədilə göstərilməsi daha məqsədəuyğundur.

Sevda Sultanova