Ölkə 12:20 29.12.2021

Qobustanda xəstəxanada saxta vaksin sənədi ilə bağlı cinayət işi açıldı

"Qobustan Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin əməkdaşına saxta vaksin sənədi ilə bağlı cinayət işi başlanılıb.

Bu barədə Qaynarinfo-ya rayon prokurorluğundan məlumat verilib.

Bildirilib ki, xəstəxananın Çalov kənd tibb məntəqəsində bəzi şəxslərə COVID-19 əleyhinə vaksinasiya olunmaları ilə bağlı saxta sənədlərin verilməsi barədə daxil olan müraciət əsasında rayon prokurorluğunda araşdırma aparılıb.

Araşdırmalarla qeyd edilən tibb məntəqəsində tibb qardaşı işləyən Valeh Əhmədov tərəfindən Çalov kəndində yaşayan bir neçə şəxsin vaksin olunmadıqları halda III doza vaksin olunmaları ilə bağlı rəsmi sənədlərə müvafiq qeydlərin edilməklə həmin məlumatların elektron məlumat bazasına yerləşdirilməsinə əsaslı şübhələr müəyyən edildiyindən fakta görə Qobustan Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq davam edir.